SSRİ-nin hansı xəritəsi əsas götürülməlidir? – Azərbaycanın Ermənistana verilmiş əraziləri
13 Oktyabr 2023 11:20 Siyasət"Paşinyanın əsas hədəfi Qərbi Zəngəzuru itirməməkdir. Ona görə də Ermənistan tərəfi SSRİ xəritələrinə istinad etmək istəyir".
Olaylar.az Sfera.az-a istinadən bildirir ki, bunu politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, son variant kimi rəsmi İrəvan Azərbaycan və Ermənistan SSR arasında 1984-cü il yanvarın 1-də müəyyənləşən sərhəd xəttinə istinad etmək fikrindədir:
"Hazırda Ermənistan iki il əvvəl tərəfində olmadığı 1970-ci illərin xəritələrinə də istinad etməyə etiraz etmir. Lakin burada da boşluq var. 1974-cü ildən sonra Azərbaycanla Ermənistan arasında de-fakto sərhəd dəyişiklikləri baş verib. Bu dəyişikliklər SSRİ-nin sonrakı inzibati-siyasi xəritələrində öz əksini tapmayıb. 1982-ci ildə Qazax rayonunun İcdar sahəsinin otlaqlarının, eləcə də Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsinin Ermənistana verilməsi qərara alınmışdı. Daha sonra isə 1984-86-cı illərdə Qazax rayonunun İcdarında 2500 hektar otlaq sahəsi Ermənistana verildi".
Ekspert bildirib ki, XX əsrin 80-cı illərində ərazilərin verilməsi ilə bağlı bütün qərarlar Azərbaycan SSR-nin o vaxtkı rəhbərliyi tərəfindən təsdiqlənməyib:
"SSRİ-nin dağılmasından sonra isə Azərbaycanda hakimiyyətə qayıdan prezident Heydər Əliyev ərazilərimizin Ermənistanın xeyrinə verilməsi ilə bağlı bütün hərəkətləri rəsmən qanunsuz elan etmişdi. Qeyd edim ki, 1920-ci ilin payızında Ermənistan bolşevik dövlətinin tərkibinə daxil olarkən 9 min kvadrat kilometr əraziyə malik idi. Buna görə də hazırda Qərbin Ermənistanın ərazi bütövlüyü ilə bağlı həyəcan keçirmələrinin heç bir hüquqi və məntiqi əsası yoxdur".