Paşinyanın Bişkek görüşündən imtina etməsi siyasi riyakarlığın bariz nümunəsidir- ÖZƏL
12 Oktyabr 2023 18:26 SiyasətErmənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə daim qeyri-konstuktiv mövqeyi ilə fərqlənib. Nəticə etibarilı isə danışıqlar prosesinə xələl gətirib, bütün vasitələrdən istifadə edərək onun müddətini uzatmağa çalışıb. Ermənistanın növbəti belə bir addımı isə Nikol Paşinyanın Müstəqil Dövlətlər Birliyinin (MDB) Qırğızıstanın Bişkek şəhərində keçirilən zirvə görüşündə iştirakdan imtina etməsi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın Bişkek səfərindən imtinasına da toxunub: "Həmçinin sizə məlumat vermək istəyirəm ki, oktyabrın 12-də, bir gün sonra Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşü olmalı idi. Biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz, müttəfiqimiz, həmçinin bizim regionda yerləşən, minlərlə kilometr uzaqda olan ölkələrdən fərqli olaraq qonşuluqda yerləşən Ermənistanın da müttəfiqidir. Təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi, əlbəttə, Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz Rusiya və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax, biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır".
Hüquqşünas Alim Hüseynli qeyd edib ki, Paşinyanın Bişkek görüşündə iştirakdan imtina etməsi ümumilikdə Ermənistanın Qarabağ siyasətinin tərkib hissəsidir: "Ötən 30 il ərzində biz dəfələrlə Ermənistanın belə qeyri-konsruktiv addımlarının şahidi olmuşuq. Hazırki dövrdə Paşinyanın bu cür davranışı qəbul edilməzdir və onu göstərir ki, Ermənistan sülhü dəstəkləmir. Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etdiyi bir məqamda, masada Ermənistanın da maraqlarına cavab verəcək sülh sazişinin müddəları olduğu bir şəraitdə onun müzakirəsindən imtina edilməsi qətiyyan başa düşülən deyil. Başqa sözlə siyasi riyakarlığın bariz nümunəsidir".
Hüquqşünas qeyd edib ki, Ermənistanın belə bir addım atmasında onun havadarlarının da rolu danılmazdır: "Belə ki, Fransanın dirijor çubuğu ilə hərəkət edən Ermənistan əslində bu dövlətin əlində bir vasitəyə çevrilib. Özünü Ermənistanın himayədarı kimi göstərməyə çalışan Fransa əslində regionda öz maraqlarını təmin etmək niyyətindədir. Ermənistan isə bu siyasətin qurbanına çevrilib".