Yaxın Şərqdə yaranmış vəziyyət Qafqazları arxa plana keçirib - ÖZƏL

"Yaxın Şərqdə yaranmış indiki durumda təbii ki, Qafqazlardakı problemlər, xüsusən də Ermənistan - Azərbaycan məsələsi arxa plana keçib.  Dünya gücləri çalışır ki, müharibəni durdursun".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, regional güclər olan Türkiyə, Rusiya və  İran İsrail-HƏMAS müharibəsinə fokuslanıb:

"Bu müharibənin alovunun ətrafa yayılmaması üçün səylər artırılır. Odur ki, istər Ermənistanla  Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması, istərsə də ermənilərin Azərbaycana qarşı başlatdığı qaralama və şər -böhtan kampaniyası o dərəcədə diqqət mərkəzində deyil. Bəzi məsələləri nəzərə alsaq, bu hal rəsmi Bakının xeyrinədir. Çünki beynəlxalq təzyiqlər və nəzərlər bir qədər də səngiyib. Bakı əks həmlə üçün vaxt qazanır. Erməni baş Nazir Nikol Paşinyanın Bişkekdə MDB dövlət başçılarının toplantısında iştirakdan imtinası da Bakıya əlavə fürsət verdi. Onsuz da Ermənistanın yaxın müddət ərzində Azərbaycanla sülh sazişi imzalayacağını mən gözləmirəm".

Əli Oruclu deyib ki, rəsmi İrəvan sadəcə imitasiya ilə məşğuldur və silahlı qüvvələrini Fransanın, Hindistanın və digər himayədarlarının dəstəyi ilə möhkəmləndirməyə və itirdiklərinin bəzilərini qaytarmağa çalışır:

"Rusiyanın özü də sülh sazişinin imzalanmasına maraqlı deyil. Hesab edirəm ki, Azərbaycan ərazisində daimi münaqişəyə yol açacaq variantlar üzərində işləyir. Yəni erməni əhalisini müəyyən qismini yenidən qaytarmaqla buna nail olmağa can atır. Odur ki, Yaxın Şərqdə cərəyan edən hadisələrdən sonra yaranmış beynəlxalq vəziyyətdə Cənubi Qafqaz regionunda hərə öz maraqlarının  təmin edilməsi haqqında düşünməkdədir. Onu da deyim ki,  müharibə digər ölkələrə də yayılsa bunun Azərbaycana  humanitar təsiri də ciddi ola bilər. Xüsusən də əgər İran bura cəlb edilərsə".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31