Fransa siyasətçiləri bütün ölkələrdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar - ÖZƏL
12 Oktyabr 2023 15:54 Siyasət"Fransa ümumiyyətlə hər kəsi özünə alət etməyə öyrəşib. Yəni, bütün ölkələrdən Fransa liderləri, siyasətçiləri, hətta layihə rəhbərləri öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Ona görə də, Fransa özünü Ermənistana yaxın göstərməklə, əslinə qalanda cılız siyasi məqsədlər güdür".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Yəni, Fransa Prezidenti Emmanuel Makron məsələnin mahiyyətinə baxıldıqda heç də Ermənistanın və ermənilərin mənafeyini düşünmür. Onun Ermənistan və ermənilərlə bağlı bütün gedişləri ona hesablanıb ki, öz ölkəsində müəyyən dairələrin rəğbətini qoruyub, saxlaya bilsin. O dairələr də birmənalı olaraq, ermənilərin təsiri altındadır və yaxud elə ermənilərin özüdür. Eyni zamanda, Paris meri başda olmaqla bir sıra şəhərlərin merlərinin Ermənistana gəlməsi, guya humanitar yardım gətirməsi və s. teatr tamaşaları var idi. Orda da məqsəd həmin o merlərin öz siyasi maraqlarını təmin etmək idi. Yəni, indi guya Fransanın Ermənistana hərbçi göndərmək və s. cəhdləri də bu qəbildəndir. Bir növ ermənilərə bu cür gedişlər etməklə göstərməyə çalışırlar ki, onların qayğısına qalırlar. Amma alt qata dərindən baxanda bəlli olur ki, fransızlar bu gedişlərlə əslində özlərinin cılız, siyasi məqsədlərini güdürlər. Həmin məqsədlər də, ermənilərin mənafeyi, maraqları üzərində köklənməyib. O məqsədlər Fransa siyasi rəhbərliyinin şəxsi siyasi maraqları üzərində köklənib. Yəni, bu işlərdə ermənilər alətdir, vasitədir və qurbandır. Təəssüflər olsun ki, erməni ictimaiyyətində bunları düzgün anlamırlar, qiymətləndirə bilmirlər, yaxın qonşu ilə bu cür gərgin münasibətləri qoruyub, saxlayırlar. Halbuki, onların nicatı, işığlı sabahı məhz öz qonşuları Azərbaycan və qardaş Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Heç bir Fransa gəlib burada ermənilər üçün nəsə edəsi deyil. 44 günlük müharibədə də ermənilər bunu gördülər ki, Fransa sadəcə bəyanat verməkdən uzağa gedə bilmədi. Elə 19-20 sentyabr günlərində keçirilmiş lokal antiterror əməliyyatları zamanı da ermənilər bunu gördü. Yenə də Fransa bəyanat verdi, uzağa gedə bilmədi. Yəni, ermənilərin düşünməsi lazımdır ki, Fransanın bu qızışdırıcılığı onlara neçəyə başa gəlir? Bax adicə elə lokal antiterror əməliyyatı bir sutka belə çəkmədi. Fransanın qızışdırıcılığı nəticəsində ermənilərə böyük bir zərbə oldu. İndi ermənilər papaqlarını qarşılarına qoyub düşünsünlər".