Azərbaycanın dünyəvi imicində əhəmiyyətli sənəd

İkinci Qarabağ müharibəsində tarixi zəfərimizlə torpaqlarımızın işğaldan azad edilməsi bu ərazilərdə yeni həyatın canlanması, azad edilən şəhər və rayonlarda geniş miqyaslı quruculuq-abadlıq işlərinin aparılmasına imkan yaradıb. Qısa müddətdə azad edilən ərazilərdə görülən beynəlxalq təşkilatların da marağına səbəb olub. Elə bu səbəbdəndir ki, əksər beynəlxalq təşkilatlar öz tədbirlərinin azad edilən ərazilərdə keçirilməsinə heç bir etiraz etmədən razılıq verirlər. Bu günə qədər Şuşada keçirilən bir neçə beynəlxalq tədbir, Türk Dövlətləri Təşkilatının müxtəlif istiqamətləri özündə ehtiva edən qurumlarının toplantıları, ikitərəfli səviyyədə bu şəhərdə təşkil olunan görüşlər, beynəxalq forum və konqerslər buna əyani sübutdur. Bu günlərdə isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirldi. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İham Əliyev toplantı iştirakçılarına müraciət ünvanlayaraq bir sıra vacib məqamlara diqqət çəkdi.

Həm sözügedən görüş, həm də dövlət başçısının müraciətində diqqət çəkən məqamlar barədə danışan Milli Məclisin deputatı Səbinə Xasayeva deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına məktub ünvanlayıb. Millət vəkilinin sözlərinə görə, bu məktub rəsmi tezislərdi və Azərbaycan dövlətinin mövqeyinin tarixi ifadəsidir:

"İkinci Qarabağ müharibəsi tarixi Zəfərlə başa çatdı. Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalandı. Zəfərdən sonra Şuşada neçə-neçə dövlət tədbiri keçirildi. Tədbirlərin Şuşada keçirilməsi həm tarixi Zəfərin əhəmiyyətinin, həm də dünyəvi siyasətin Azərbaycanla bağlı məqamlarının bilavasitə Şuşa ilə bağlılığını təmin etmək niyyətidir. Məhz bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası da Şuşa şəhərində keçirildi".

Deputat qeyd edib ki, Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin təəşəbbüsçüsü olub:

"Bu, onun dövlətçilik mahiyyəti ilə bağlıdır, yəni Azərbaycan bəşəri dövlətdir. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbay­can 3+3 əməkdaşlıq formatını irəli sürüb".

Deputat daha sonra qeyd edib:

"Ermənistanın işğalı 30 il davam etdi. Nə dünyanın aparıcı dövlətləri, nə də beynəlxalq təşkilatlar işğalın bu qədər uzanmasına görə ciddi münasibət bildirmədilər. Onda problemi Azərbaycanın özü öz ordusunun gücü ilə döyüşlə həll etdi. Ermənistanın işğalı Azərbycana ağır zərbələr vurdu. Bu zərbələrdən biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İs­lam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev məktubda qeyd edir: "Əfsuslar olsun ki, bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin - Malıbəyli məscidinin dağı­dıl­ması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Bütün bunlar təkcə azərbaycan­lı­ların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir"

Azərbaycanın etibarlı tranzit ölkə olduğu da xatırladılır. Məktubda qeyd olunur ki, "... bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşru­tu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır".

Millət vəkili deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı məktub Azərbaycanın dünyəvi imicində əhəmiyyətli sənəd kimi tarixləşdi.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31