Fransanın Ermənistanla hərbi əməkdaşlığı müstəmləkəçi siyasətin təzahürüdür
13 Oktyabr 2023 14:10 SiyasətNə qədər acınacaqlı olsa da reallıq ondan ibarətdir ki, Azərbaycanın 30 il işğal altında olan torpaqlarını azad edərək ərazü bütövlüyünü təmin etməsi bir sıra dövlətlər tərəfindən həzm edilmir. Ermənidən çox erməni olmağa çalışan bir sıra dövlətlər sanki yarışa girərək ölkəmizi hədəfə alıblar. Beynəlxalq təşkilatlar tərəfindən uzun illər ərzində insan hüquqları, demokratiya adı ilə təzyiqlərə məruz qalan Azərbaycan indi də beynəlxalq hüquq normalarını pozmaqda ittiham olunur. Məsələ orasındadır ki, belə bir ittihamla çağdaş dünyamızda müstəmləkə siyasəti yürüdən dövlətlər çıxış edir. Bu zaman belə bir sual yaranır: nə vaxtdan dövlətlərin ərazi bütövlüyü, suverenliyini bərpa etməsi beynəlxalq hüquq normalarının pozuntusu sayılır? Çox təəssüf ki, Cənubi Qafqazda mövqelərini möhkəmlətməyə çalışan Fransa daha irəli gedərək işğalçı dövlət olan Ermənistanla hətta hərbi sahədə əməkdaşlığa gedir. Belə ki, Ermənistanı Cənubi Qafqazda forpostuna çevirməkdə israrlı olan Fransa bu istiqamətdə aktivliyini davam etdirir. ABŞ-nin ardınca rəsmi Paris də təlim adı altında Ermənistana hərbçilərini göndərib. İlkin olaraq 56 fransız hərbçi İrəvana göndərilib. Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi bildirib ki, fransız hərbçilər "HOPE FSX2023" təlimlərində iştirak edəcəklər. Məlumata görə, Ermənistana "Dash" tipli iki təyyarə, 8 ton avadanlıq göndərilib. Təlimlərdə Fransa, Yunanıstan, Monteneqro, Şimali Makedoniya və s. ölkələr iştirak edəcək. Hərbi heyətin "mülki təhlükəsizlik" təlimlərində iştirak etmək üçün Ermənistana gəldiyi vurğulansa da bu fakt rəsmi Parisin İrəvanla hərbi əməkdaşlığı fonunda diqqət çəkir.
Bu isə o deməkdir ki, Fransa ölkəmizə qarşı beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz mövqe nümayiş etdirir. Görüntü ondan ibarətdir ki, siyasi avantüraya əl atan Fransa qətiyyən siyasi riyakarlıqdan əl çəkmək fikrində deyil. Danılmaz faktdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanı Ermənistana qarşı müharibə cinayətləri törətməkdə əsassız ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmiş və açıq şəkildə qul ticarəti ilə məşğul olmuşlar. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir. Fransa hələ də dekolonizasiya kateqoriyasına aid edilən bir sıra əraziləri qanuni sahiblərinə qaytarmır və neokolonializm siyasəti əsasında həmin ərazilərin anneksiyası xəttini yürüdür. Fransada irqçilik, islamofobiya və antisemitizmin ifrat həddə çatdığı artıq danılmaz bir faktdır. Fransa siyasətçiləri unutmamalıdırlar ki, müstəmləkəçilik insanlıq əleyhinə cinayətdir.
Təəssüflə qeyd edilməlidir ki, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və aqressiv separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbulediməzdir.
Nəhayət Fransa anlamalıdır ki, 2020-ci ildə xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün və haqq-ədalətin bərpasını təmin edib. Əzəli tarixi torpaqları olan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etməklə Azərbaycan dövləti BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarının icrasını öz gücü ilə təmin edib. Beləliklə, Ermənistanın Azərbaycan xalqına və dövlətinə qarşı uzun dövr ərzində həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tarixi missiya uğurla yerinə yetirilib. Bu halda Fransa kimi müstəmləkəçi dövlətlərin istənilən təzyiq vasitəsi Azərbaycanı öz yolundan döndərə bilməz. Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işlərini aparmaqla beynəlxalq aləmə qurucu bir dövlət olduğunu sübut etməkdədir. Fransanın işğalçı dövlət olan Ermənistanla hərbi əməkdaşlığı isə müstəmləkəçi siyasətin təzahürü olmaqla yanaşı, işğalçıya dəstək vermək, separatizmi müdafiə etmək və ən nəhayət beynəlxalq hüququ ayaq altına qtmaq deməkdir.
Nurlan