Avropa Parlamenti yenə də öz tərəfsizliyini pozdu

"Avropa Parlamentinin bu istəyinin heç bir hüquqi əsası yoxdur və bu, Avropa Parlamentinin qərəzli mövqeyinin isbatıdır".

Bu fikirləri "OLAYLAR"-a politoloq Azər Qasımov Avropa Parlamentinin Avropa İttifaqına Azərbaycana sanksiya tətbiq etmək barədə müraciətinə münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, AP-nin hansısa sanksiyalar tətbiq etmək hüququ olmadığı üçün Aİ-na müraciətinin Azərbaycan əleyhinə mövqe nümayiş etdirməkdən başqa heç bir şey deyildir:

"Avropa İttifaqı isə kollegial qurumdur və qərarları səs birliyi ilə alırlar. Bu baxımdan, əvvəla Aİ-da mövcud olan Azərbaycana tərəfdaş ölkələrin sadəcə birinin bu təklifi rədd etməsi kifayət edəcək ki, qərar qəbul edilməsin". 

Politoloq hesab edir ki, AP yenə də öz tərəfsizliyini pozmaqla məşğuldur:

"Amma AP əslində, əgər Azərbaycana qarşı qərar qəbul etmək istəsəydi, Azərbaycanın Parlament Assambleyasında fəaliyyətini dondurar, ən azı səs vermə hüququndan məhrum edərdi. Görünən odur ki, bu addım ermənipərəst və parlamentdəki korrupsioner  dairələr tərəfindən ortaya atılıb. Hesab edirəm ki, Avropa İttifaqında Azərbaycanın Avropa üçün əhəmiyyətini yaxşı bilirlər. Odur ki, bu qərarı  Avropa İttifaqının üzərinə atmaqla vəziyyətdən çıxmaq istəyirlər. Onlar yaxşı bilirlər ki, bu qərar Avropa İttifaqının üzvlərinin ən azı biri tərəfindən veto ediləcək. Belə hal yenicə baş vermişdi və Macarıstan eyni xarakterli qərarı veto etmişdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31