5-10 il əvvəl Azərbaycan xalqının çox az bir qismi bu hadisələrin baş verə biləcəyinə inanardı - ÖZƏL
5 Oktyabr 2023 15:44 Siyasət"Son hadisələr Azərbaycan xalqı üçün son dərəcədə qeyri-adi, möhtəşəm hadisələrdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Hesab edirəm ki, bizim 30, 50, bəlkə də 100 il ərzində arzuladıqlarımız, düşündüklərimiz hamısı gerçək olur. Qarabağ üzərində Azərbaycanın tam olaraq suverenliyi bərpa edilib, suverenlik üzərində olan təhdid aradan qalxıb, ordakı separatçı, terrorçu rejim, onun rəhbərləri darmadağın olublar. Hər biri həbs olunub, Bakıya gətirilirlər. Hesab edirəm ki, bu tarixi anlar, hadisələr əbədiyyən xalqımızın yaddaşına həkk olunacaq hadisələrdir. Artıq erməni və ya hər hansı başqa bir millətdən kimlərsə Azərbaycan dövlətinə qarşı çıxmağa, onun suverenliyini təhdid etməyə cəsarət etməyəcəklər. Artıq bundan sonra biz sərhədlərimizi, ərazi bütövlüyümüzü tam olaraq etmiş bir dövlət olaraq güclü dövlətə çevrilmək istiqamətində addımlar ata biləcəyik və bu şəxslər, terrorçular, separatizmlə məşğul olan şəxslər ki, həbs edilib, onlar öz layiqli cəzalarını alacaqlar. Əli Azərbaycan xalqının qanına batmış, Azərbaycan konstitusiyasını, onun suverenliyini pozmuş, ona qarşı çıxmış, onun ərazisində özlərini "vəzifəli" şəxslər elan etmiş bu adamlar hesab edirəm ki, layiqli cəzalarına çatacaqlar.
Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm ki, biz onların sayəsində müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə onun qətiyyəti sayəsində bu nəticələrə nail olduq. 5-10 il əvvəl Azərbaycan xalqının çox az bir qismi bu hadisələrin baş verə biləcəyinə inanardı, təxmin edə bilərdi. Azərbaycan dövləti bunu gerçəkləşdirdi. Bu Azərbaycan dövlətinin gücünün göstəricisidir. Bu gün dünyada bir neçə dövlət var ki, onlar onun xalqına, dövlətinin ərazi bütövlüyünə çıxdığına qarşı həmin şəxsləri tapıb cəzalandırır. Belə nümunələr var. Azərbaycan da o güclü dövlətlərin siyahısına qoşulmuş sayılır. Çünki bizə qarşı çıxan əlisilahlıları məhv elədik. Bu cür dırnaqarası siyasətlə məşğul olanları isə əli qolu bağlı qandallı şəkildə Bakıya gətirdik və xalqımızın mühakiməsinə çıxarırıq. Bu ən möhtəşəm bir prosesdir. Bu münasibətlə də xalqımızı, dövlətimizi təbrik edirəm. Bu hadisələrdən sonra hesab edirəm ki, Cənubi Qafqazda Azərbaycan ərazilərində böyük bir sülh olacaqdır və Azərbaycan dövlətinə qarşı belə hərəkətlərə bundan sonra heç kim bu iddialarla çıxış etmək cəsarətində olmayacaqdır".