Biz torpaqlarımızı düşməndən təmizlədiyimiz kimi minalardan da təmizləyəcəyik - ÖZƏL

"Mina qlobal təhdidlərdən biridir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Təəssüflər olsun ki, Azərbaycan dövləti öz ərzisində bu təhdidlə üz-üzədir. Bunun səbəbkarlarından biri, ən başlıcası təbii ki, işğalçı Ermənistan, onun ardınca da Ermənistanın dəstəklədiyi, illərlə bəslədiyi Qarabağdakı bölücü rejimdir. Bu qondarma rejim bütün insanlıq hədlərini aşaraq, Azərbaycanla müharibə aparıb. Azərbaycan dövləti gücünü, qüvvətini nümayiş etdirə biləcəyi halda bunlara nə qədər sülh çağırışları etsə də, onlar bunu anlamırlar və nəhayətdə biz məcbur olub, o torpaqları məhz ordumuzun gücünə azad etməli olduq. İndi Azərbaycan torpaqları azaddır. Amma təəssüflər olsun ki, azad edilmiş torpaqlarımızda addım başı minalara rast gəlinir. Əlbəttə ki, minaların olması sadəcə insanlar üçün deyil, ümumiyyətlə bütün canlı aləm üçün təhlükədir. Yəni, minaya insanın düşdüyü kimi vəhşi təbiət heyvanları, canlıları da düşə bilir və onlar da həlak olurlar. Yəni, faktiki olaraq ermənilər bütün canlı nə varsa, onlara tələ qurublar, onları məhv etmək üçün minalar döşəyiblər. Təbiidir, biz minaları da təmizləyəcəyik, Azərbaycan dövləti bunu da edəcək, bacaracaq. Amma minalar təmizləndikcə, proses getdikcə, biz görürük ki, insanlarımız həlak olur. Təkcə 44 günlük vətən savaşından sonrakı dövrdə 300-dən çox azərbaycanlı minaya düşüb, onların bir xeylisi həlak olub, yerdə qalanları yaralanıb, texnikaya zərər dəyib. Bütün bunlar hamısı erməni xislətinin məhsullarıdır. Hazırda Xankəndi və digər ərazilərdə aparılan işlər zamanı da ermənilərin son anda belə öz xislətindən əl çəkmədiyinin şahidi oluruq. Yəni, onlar minalar basdırıblar, gizlədiblər, hətta bəzi görüntülərdə biz müşahidə etmişik ki, evlərin qapısına və yaxud da ki, hansısa obyektlərdə gizli yerlərə əldəqayırma partlayıcılar yerləşdiriblər. Bu bəla hələ uzun illər bizim başımızı ağrıdacaq. Amma bir daha deyirəm ki, buna baxmayaraq, biz oraları düşməndən təmizlədiyimiz kimi minalardan da təmizləyəcəyik. Qarabağ yenidən çiçəklənəcək, dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31