Reinteqrasiya prosesi Azərbaycanın qarşısına qoyduğu əsas məqsədlərdən biridir - ÖZƏL
5 Oktyabr 2023 13:16 Siyasət"23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri , Azərbaycanın Qarabağ bölgəsində tam suverenliyi bərpa etməsi, oradakı zamanında azərbaycanlılara və Azərbaycan dövlətinə qarşı terror hərəkətləri etmiş, əli azərbaycanlı qanına batmış şəxslərin həbs edilərək, Bakıya gətirilməsi və hüquq, məhkəmə qarşısına çıxarılması Azərbaycan dövlətinin ortaya qoyduğu ciddi, güclü iradənin nəticəsidir".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Bu həqiqətən də tarixi hadisədir və çox nadir tarixi hadisələrdən biridir. Çünki hər bir dövlətin başında duran şəxs üçün birinci önəmli məsələ xalqının, dövlətinin haqqını, hüququnu qorumaqdır. Mən də düşünürəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu addımı atdı. Antiterror tədbirləri qaçılmaz idi və olacaqdı. Çünki hadisələrin inkişafı o istiqamətə gedirdi. Müxtəlif dövlətlər bu məsələdə Azərbaycanı çəkindirməyə çalışsalar da, Azərbaycan ərazisində terror yuvasının olacağını qəbul etmirdi və bunun qarşısını almaq üçün bütün lazımlı tədbirləri həyata keçirəcəyini bildirmişdi. Hətta Prezidentin köməkçisi Hikmət Hacıyev də Azərbaycan ərazisində boz zonanın olmayacağını, Azərbaycanın buna icazə verməyəcəyini bildirmişdi. Bu gün isə artıq istər Xocalıda, istər Birinci Qarabağ Müharibəsində, istər İkinci Qarabağ Müharibəsində, istər onlar arasındakı dövrdə Azərbaycana qarşı silahlı, separatçı dəstələr yaradan şəxslərin həbsi həyata keçirilir. Düşünürəm ki, bununla bərabər biz həm də reinteqrasiya prosesini həyata keçiririk. Çünki reinteqrasiya prosesi Azərbaycan dövlətinin qarşısına qoyduğu əsas məqsədlərdən biridir. Biz orada yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına Azərbaycanın reinteqrasiya prosesində şəffaf olmağa çağırırıq və bu gün artıq 15 şəxs bununla bağlı müraciət edib. Düşünürəm ki, proses davam edəcək və yaxın zamanlarda erməni əsilli Azərbaycan vətəndaşlarının oradan reinteqrasiyası tam şəkildə həyata keçiriləcək. Azərbaycan dövləti atdığı addımları şəffaf şəkildə ortaya qoyur və oradakı ermənilərə də Azərbaycanın digər vətəndaşları kimi haqq və hüququn təminini verir. Bu baxımdan düşünürəm ki, bizim son 15-20 gündə atdığımız addımlar sırf Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşlarının haqqının, hüquqlarının, mənafeyinin qorunması xidmət edib. Beynəlxalq hüququn norma və prinsipləri təbii ki, gözlənilərək bu addımların atılması həyata keçirilir. Doğrudur, xaricdən bizə qarşı qarayaxma kampaniyaları var, amma təbii ki, bunların qarşısı alınıb və bundan sonra da alınacaq. Bizim üçün xaricdən kimlərinsə marağına xidmət edən, dezinformasiyalar yayan media qurumlarının fikirləri deyil də, öz dövlətimizin rəsmi açıqlamaları önəmlidir. Düşünürəm ki, bu proses də davam edəcək".