Tehran ikili oynamaq istəyindədir
6 Oktyabr 2023 11:16 SiyasətPərviz Mirizadə: "Molla rejimi bölgədə hərbi varlığını artırmağa çalışır"
Cənub qonşumuz İran tərəfindən ölkəmizə olan qeyri-müəyyən münasibət davam etməkdədir. Bir tərəfdən Tehran Bakı ilə münasibətləri normallaşdırmaq, əlaqələri inkişaf etdirmək istəyir, digər tərəfdən hələ də Ermənistanın yanında yer aldığını ortaya qoyur. Qarabağdan könüllü şəkildə gedən ermənilərin İranda təlimlərə cəlb edilməsi, Ermənistanın Təhlükəsizlik Şurasının katibinin İran prezidenti tərəfindən qəbul edilməsi, eləcə də digər bu kimi mənfi hallar Tehranın əslində Bakı ilə səmimi münasibətlərə meyilli olmadığını sərgiləyir.
İran-Azərbaycan münasibətlərinə diqqət çəkən Ana Vətən Partiyasının beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyir ki, İkinci Qarabağ Müharibəsinin nəticələri İran-Azərbaycan münasibətlərində köklü dəyişikliklərə səbəb oldu. Onun sözlərinə görə, rəsmi Tehran Azərbaycanı hər zaman özünə təhdid bir güc kimi qiymətləndirib, ölkəmizə münasibətdə heç vaxt səmimi olmayıb:
"Ermənistan İranın köməkliyi ilə blokadadan çıxıb və bu da Azərbaycan torpaqlarının işğal müddətini uzadıb. İrəvan tərəfindən işğal olunmuş ərazilərində infrastrukturun məhv edilməsində, yaşayış və istehsal sahələrinin dağıdılmasında cənub qonşumuzun xüsusi rolu olub. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və ölkəmizin uzun illər əsas diqqətini Qarabağ probleminə yönəltməsi İranın maraqları kontekstində olduğu üçün onlar düşmən xislətini pərdələməyi bacarırdı. Lakin 2020-ci il İkinci Qarabağ Müharibəsində əldə olunan qələbədən sonra regionda dəyişən geosiyasi mənzərə İranı əsl simasını nümayiş etdirməyə sövq etdi".
AVP rəsmisinin sözlərinə görə, son üç ildə ikitərəfli münasibətləri şərh edərkən görürük ki, kifayət qədər ziddiyətli məqamlar mövcuddur və bu ziddiyət məhz fars rejimindən qaynaqlanan reallıqlardır:
"Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri və tarixi Xüdafərin körpüsünü ziyarəti zamanı İran və Azərbaycanı iki qardaş ölkə və xalq adlandırması belə molla rejimini qane etmədi. Ölkəmizin uğurlarına qarşı siyasi dözümsüzlük nümayiş etdirən və siyasi mühütü gərginləşdirən bütün provokativ addımlar məhz molla rejimi tərəfindən atıldı. 44 günlük Vətən Müharibəsinin ardınca rəsmi Tehran İrəvanın və keçmiş qondarma rejimin köməyinə çatan ilk dövlət oldu və onlara bir çox istiqamətlərdə dəstək nümayiş etdirməklə məğlubiyyətin ağır yükünü yüngülləşdirməyə çalışdı. Teokratik rejim iki ölkənin sərhəddində "Qüdrətli İran" "Xeybər fatehləri" adla Ermənistana dəstək və Azərbaycana təhdid xarakterli hərbi təlimlər keçirdi, döyüş təyyarələri ilə hava sərhədlərimizə yaxın uçuşlar həyata keçirməyə başladı. Təbii ki, regionda cərəyan edən proseslər fonunda İranı narahat edən bir çox nüans mövcuddur və bu onlarda xislət formalaşdırır".
Pərviz Mirizadə deyib ki, rəsmi Tehran Azərbaycan-Ermənistan arasında 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinin icrasından, kommunikasiyaların, yəni, Zəngəzur dəhlizinin reallaşmasından ciddi şəkildə narahatlıq keçirir:
"Uzun illər ərzində torpaqlarımızın işğal olunması və Ermənistan üzərindən nəqliyyat kommunikasiya xətlərinin bağlı olması İranın coğrafi üstünlüyünü önəmli dərəcədə artırmışdı. Azərbaycanın İran vasitəsilə Naxçıvanla əlaqə qurması və daha böyük perspektivlərdə qardaş Türkiyənin Mərkəzi Asiya ölkələri, Pakistan və Əfqanıstanla yük daşımalarını İran vasitəsilə həyata keçirməsindən Tehran ciddi qazanc əldə edirdi. Lakin Zəngəzur dəhlizinin aktivləşməsi regionda İranın iştirakı olmadan iqtisadi və siyasi əlaqələri qurmağa imkan yaradır. Bütün bunlara görə İranın iqtisadi itgiləri və siyasi təsir vasitələrinin əlindən çıxacağına görə narahatlığı təbiidir. Lakin Zəngəzur dəhlizinin lokal, regional və interkontinental müstəvidə əhəmiyyətini onlar tam şəkildə qəbul edə bilmir. Koridorun açılması ilə regionda böyük iqtisadi imkanlar və geniş nəqliyyat-kommunikasiya infrastrukturunun yaranması sanksiya şəraitində yaşayan bir ölkə üçün bütün hallarda əlverişlidir. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı və bu əlaqələr fonunda Türk Dövlətləri Təşkilatının daha da güclənməsi, ümumiyyətlə, regionda artan türk varlığı Tehranın ən böyük qorxusudur. Məhz bu kimi səbəblərdən dolayı Ermənistana göstərilən dəstəyin birmənalı şəkildə Azərbaycan düşmənçiliyi kontekstində olduğu qətidir. Lakin burada bir nüansı qeyd etməkdə fayda var ki, Bakı ilə Tehranın hərbi-siyasi məqsədlərinin çalarları fərqli rənglərdə olsa da, bundan yaranan gərginlik iqtisadi münasibətlərə təsir etməmişdi".
AVP rəsmisi onu da deyib ki, ötən il iki ölkənin ticari-iqtisadi əməliyyatlarının həcmi təxminən 506 milyon dollar səviyyəsində olub:
"506 milyon dollarlıq ticarət həcminin təxminən 94 faizi məhz İranın payına düşüb. Bu da onu göstərir ki, Azərbaycanla düşmənçilik etmək cənub qonşumuz üçün o qədər də perspektivli deyil. Əksinə, Rusiya, İran və Hindistanı eyni ox ətrafında birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin dərin strateji konteksti fonunda Azərbaycanın geoiqtisadi əhəmiyyəti artmışdır. Ancaq son dövrlər Azərbaycanla İran arasında gərginliyin yumşaldılması, münasibətlərin irəli aparılaraq regional çərçivədə səmərəli əməkdaşlıq rejiminə keçid edilməsi cəhdləri müşahidə olunmaqdadır. İndi isə Bakı ilə Tehranın məqsəd və məramlarını maksimal yaxınlaşdırmaqdan ötrü ortada olan gərginlik elementlərini konstruktivliklə əvəzləmək həvəsləri görünməkdədir. Bu mənada: İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri. Azərbaycan Müdafiə Nazirliyi ilə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edilməsi və hərbi texniki əməkdaşlığın perspektivləri, Azərbaycan Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair "Birgə komissiya"nın üçüncü iclasının keçirilməsi və general-mayor Məhəmməd Əhədinin başçılıq etdiyi İran nümayəndə heyətinin Bakı Hərbi Qənimətlər Parkını ziyarət etməsi, ardınca Azərbaycan HDQ və Qazaxıstan Respublikasının hərbi donanmasının ölkəmizdə keçirdiyi "Xəzri 2023" təlimlərində müşahidəçi qismində iştirak etməsinin müzakirə olunması ortada olan gərginliyin heç olmasa, situativ də olsa aradan qalxmasına töhfə verəcək idealları özündə təcəssüm etdirir. Bakı və Tehranın strateji maraqlarını bir-birinə uyğunlaşdırmaq üçün axtardığı yollar Türkiyənin xarici işlər naziri Hakan Fidanın İrana səfərindən, oradakı təmaslarından sonraya təsadüf edir. Burada Azərbaycanın sərgilədiyi prinsipial mövqeyi qeyd etməkdə fayda var. Tehran Bakı ilə təhdid dilində danışmağın hər hansı bir ciddi dəyişikliyə səbəb olmadığını anlamalıdır. Məsələyə başqa bir rakursdan da baxdıqda Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirməsi və paraleldə baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın bir müddət öncə Kiyevə gedərək Birinci Xanımlar və Cənablar Konfransında iştirak etməsi Tehranda isti qarşılanmadı Məhz bu səfərdən sonra İran Prezidenti İbrahim Rəisi ilə Paşinyanın telefon danışığında Tehranın İrəvan üzərinə səs tonunu qaldırması haqqında məlumatlar yayılmağa başladı. İranın əsas məqsədi regionda sabitliyin olması deyil. Sadəcə Ermənistana üçüncü qüvvələri regiona gətirmək kontekstində xəbərdarlıq idi. Hiss olunur ki, İran diplomatiyası Azərbaycanla hərtərəfli konstruktiv əməkdaşlığı dirçəltmək niyyətindədir. Ancaq Tehranın xarici siyasətindəki radikal mövqe sahiblərinin buna reaksiyası vəziyyətə təsirsiz ötüşmür. Aydın görünür ki, rəsmi Tehran ikili oynamaq istəyindədir. Oktyabrın 2-də Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyanın Tehran səfəri və prezident Rəisi ilə regional proseslər və İrəvanın təhlükəsizlik məsələrinin müzakirə olunması bunun sübutudur. Görüşün ardınca İranın Azərbaycan-Ermənistan şərti sərhəddinə qoşun göndərmək istəyi və Qarabağdan köç edənlərə humanitar yardım göndərməsinin ardında yenə də Zəngəzur dəhlizi layihəsinə əngəl olmaq istəyi yatır. Təbii ki, bütün bunlar regional siyasətin bir komponentidir və proseslərə hər hansı bir ciddi təsiri olacağı ehtimalı yüksək deyil".
Pərviz Mirizadə onu da deyib ki, İrəvan hakimiyyəti Qarabağdan gələn erməniləri planlı şəkildə Qərbi-Zəngəzur da, yəni, Sunik bölgəsində məskunlaşdırır:
"Sunik vilayəti Ermənistanın ən az inkişaf etmiş bölgəsidir və burada insan kapitalıda çox aşağı səviyyədədir. Bunu anlayan Nikol Paşinyan bölgənin gələcəkdə Azərbaycanın nəzarətinə keçməsi risqini nəzərə alaraq əhalini bu ərazilərə köçürür. Həmin şəxslərin kimliyi belə tam şəkildə bəlli deyil və onların əksəriyyəti üçtərəfli bəyanatdan sonra Qarabağa gətirilən insanlardır. Görünür regionda gərginliyin növbəti adresi məhz Qərbi Zəngəzurdur. Əldə olunan kəşfiyyat məlumatlarına əsasən Qərb ölkələri, xüsusilə erməni lobbisinin təsiri altında olan siyasi dairələr və İran Qərbi Zəngəzurda Suriyanın şimalı modelində bir vəziyyət formalaşdırmağa çalışır. Hətta bunun üçün bölgəyə çox ciddi sayda terroristlər cəlb olunub və terror düşərgələri salınır. İran da terror qruplaşması yaratmaq təcrübəsindən istifadə edərək həmin qruplara təlimlər keçir. Görünür molla rejimi humanitar yardım adı altında bölgədə hərbi varlığını artırmağa çalışır. Lakin rəsmi Bakı prosesləri tam şəkildə izləyir və lazımı anda zəruri tədbirlər görülür. Əminəm ki, Tehranın bütün maneələrinə rəğmən Zəngəzur koridoru açılacaq və regionun iqtisadi inkişafı yeni müstəviyə keçid edəcək".
Süleyman İsmayılbəyli