Azərbaycan illərdir elan etdiyi kimi cinayətkarları bir-bir tutub, məhkəmə önünə çəkir - ÖZƏL

"Son hadisələr dünyada ədalətin bərqərar olmasının nadir örnəklərindəndir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Azərbaycan dövləti uzun illər ərzində BMT başda olmaqla, bir çox beynəlxalq qurumlara ümid edərək, torpaqlarının işğaldan azad ediləcəyi günü gözlədi. Amma biz illərlə gözlədik və o gün gəlmədi ki, gəlmədi. Nəhayətdə Azərbaycan növbəti erməni təxribatının qarşısını alarkən, 2020-ci il sentyabrın 27-də əks-hücuma keçməklə 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Lakin son məqamda bəzi məsələlər ortaya çıxdı və Azərbaycan problemin yerdə qalan hissəsini dinc yolla həll etməyə razılaşdı. Onsuz da biz hər zaman elan etmişik ki, silah gücünə deyil, masa arxasında həllə üstünlük veririk. Bunun nəticəsi olaraq Rusiya sülhməramlıları bölgəyə yerləşdi. Doğrudur, Ağdam, Kəlbəcər, Laçın rayonları silah gücünə deyil, dinc yolla azad edildi. Amma Xankəndi və ətrafındakı bir sıra şəhər və kəndlər hələ də bizim nəzarətimizə keçməmişdi. Azərbaycan dövləti buna da təmkinlə yanaşırdı və oradakı erməni sakinlərə daim çağırışlar edirdi ki, reinteqrasiyaya başlamaq lazımdır. Artıq Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Yəni, Qarabağa da heç bir statusdan söhbət gedə bilməz. Təəssüflər olsun ki, bu ötən 3 il müddəti ərzində oradakı bölücü ermənilər Ermənistan dövlətinin və onun arxasındakı Fransa kimi dövlətlərin dəstəyi ilə silah-sursat topladı, ordu qurdu və Azərbaycana yenidən meydan oxuyacaq qədər hədsizlik etdi. Məhz bunu nəzərə alan Azərbaycan dövləti 2023-cü sentyabrın 19-da bir sutka belə çəkməyən antiterror tədbirləri   ilə Qarabağdakı bölücü üzvləri dizə gətirdi və problemi kökündən həll etdi. Artıq bu gün Xankəndində Azərbaycan dövlətinin hakimiyyəti bərpa edilib. Az öncə Xocalı hava limanında Azərbaycan bayrağının yüksəldilməsi görüntüsünü gördüm. Yəni, faktiki olaraq, biz o torpaqlarda suverenliyimizi tam olaraq bərpa etmişik. Bundan sonrakı mərhələ isə dinc quruculuq mərhələsidi. Belə bir şəraitdə əlbəttə ki, bizə bu acıları yaşadan insanlar da cəzasız qalmamalıdır. Ona görə də, Azərbaycan dövləti illərdir elan etdiyi kimi o cinayətkarları bir-bir tutub, artıq məhkəmə önünə çəkir. Qeyd olunur ki, bir sıra bölücü ünsürlər, özəlliklə də bu bölücülüyün önündə gedənlər Azərbaycan dövlətinə qarşı müharibə cinayətləri işləmiş şəxslər həbs olunurlar. Hətta onların qondarma rejiminin qondarma prezidentləri də artıq həbs edilib və Bakıya gətirilib. Bu Azərbaycan dövlətinin qüdrətini göstərən faktordur və mən düşünürəm ki, ermənilər artıq bundan sonra Azərbaycanla münasibətlərdə bu ayrıntıları mütləq nəzərə almalıdır. Yəni, bizimlə güc müstəvisində danışa bilməyəcəklərini anlamalı, Azərbaycanla dil tapmalı, anlaşmalı, bundan sonrakı mərhələdə heç olmasa, sülh şəraitində yaşamağa alışmalıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31