Natiq Qasımov kimi olmaq... Əfsanə  Kamal yazır

Əfsanə  Kamal

Natiq Qasımov kimi olmaq... Natiq Qasımovun son şəkillərinə baxanda ona heyran olmamaq mümkün olmur. Döyüş yoldaşlarını itirəndən sonra təkbaşına kilsədə ermənilərə qarşı vuruşan Natiq bayrağımızı onlara vermir. Və şantajla oradan çıxarılır. 21 yaşlı gənc oğlanın şəkillərinə baxanda adam az qalır, telefondan bağrına bassın onu. İnsan necə bu qədər cəsur ola bilər axı? Ətrafında oturan ermənilərin üzünə elə dik və kəskin baxır ki, haqlı olduğunu demək üçün danışmağına ehtiyac qalmır. Öləcəyini bilə-bilə bu qədər qətiyyətli olmağa sonsuz Vətən sevgisi və  mübarizənin haqlı tərəfində olmaq lazımdır. Eynən bizdəki kimi...

Bir də saxlanılaraq Bakıya gətirilən ermənilərin simasına baxın. Qorxu, yaltaqlıq, biclik- bu simalarda hər cür pis emosiya görmək mümkündür. Hələ postu keçmədən öz milləti haqqında pis fikirlər (əslində doğrusunu) səsləndirən erməniləri demirəm.  

Fərqimiz bax, budur!

3 il əvvələ qayıtsaq, hansı birimizə desələr, inandırıcı gələcəkdi indi yaşananlar?

Xatırlayıram, 2020-ci ildən öncə qarşıma nə zaman Birinci Qarabağ müharibəsi ilə bağlı videokadrlar çıxsa, ya dərhal söndürürdüm, ya da sona qədər izləmirdim. Çünki, qisas almaq əlimdən gəlmirdi. Sınmışdım, sınmışdıq...

Sonrasını düşünəndə dəhşətə gəlirdim. Gələcəkdə necə olacaq deyə düşünmək bizi dəli edirdi. Tarix boyu bir-biri ilə müharibə edən onlarla Avropa ölkəsi indi sülh şəraitində yaşayır. ABŞ-ın atom bombası ilə vurduğu Yaponiyada onlar haqqında mənfi fikir söylənilmir. Ancaq ermənilər tarix boyu öz xislətləri ucbatından dövlət ola bilməməyin qisasını Qafqazda kimlərinsə əli ilə bizə qarşı soyqırım törətməklə aldı. Nəinki Qafqazda, dünyanın hər yerində türk səfirlərin öldürülməsi, Azərbaycanın vəzifəli şəxslərini daşıyan vertalyotun vurulması, səfirliklərimizə hücum və s. Bunlar hələ bizim bəyaz köynəkli türklərə edilən hücumlardır. Mülki əhalini isə doğramaq, köçün olmağa məcbur etmək, təcavüz etmək, məcburən öz rütbəsini öpdürmək kimi adətləri olub. 2020-ci ildən öncə bu kadrları izləyən hər bir azərbaycanlı hiss edib ki, onun xalqı bu coğrafiyada əzilib, sıxışdırılıb, namusu tapdanıb. 

Xalq olaraq nə qədər çığırıb-bağırsaq da istər Aİ, BMT istərsə də ATƏT bunu görmək istəmirdi. Zamanı isə siyasi masada prosesin yetişməsi imiş...

Azərbaycan tipik şərq ölkəsi olmaqdan çıxdı.  Əzilməkdən qurtuldu. Azərbaycan Şərqin ədəbiyyatını, musiqisini dirçəltdi. İndi avazımız daha yüksəkdən gəlir. Beynəlxalq görüşləri əlimizin tərsi ilə rədd edir, cinayətkarların cəzasını birbaşa özümüz kəsirik. 

Heç kimdən asılı olmadan. Sadəcə özümüz qərar verib, icra edirik. Təbii ki, hər bir xalq öz müqəddəratını özü həll edir. Ancaq bunun üçün siyasi proses də yetişməli idi. Düşünəndə ki, əli azərbaycanlı qanına bulaşan cinayətkarlar hazırda bizim dəmir barmaqlıqlar arxasında muhakimə olunacağı günü gözləyir adamın ürəyi sərinlik tapır. Biz bu müddət ərzində nə Kərimə dövləti qurmaq istəyənlərə, nə də içimizdən olan "trollara" söykənmədik. Ona görə də ayaq bağımız olmadı deyə bilərik. Arayikin həbs edilməsi isə yeddidən yetmişə hamımıza sevinc oldu. Dikəldik. Şuxlandıq. Şaxlandıq. Onun saxlanılması zamanı çəkilən şəklinə gündə qırx dəfə baxsaq, doymarıq. Əlində başqasının silahı ilə Azərbaycan xalqına qan udduran canilərin taleyi indi bizim əllərimizdədir. Olmazın travmasını yaşatdıqları, öldürdükləri, şikəst etdikləri, intihara sövq etdikləri, əsir aldıqları xalqdan indi bir parça çörək, yanacaq, mərhəmət dilənirlər. 

Belimizi bükənlərin belləri büküldü. Bükülür, büküləcək...

Bu xalq üçün uzun əsrlər boyu bundan daha böyük hədiyyələr ola bilməz. Var olsun, bu günü bizə yaşadanlar. Rəhmət olsun yaşatmaq uğrunda canından keçənlərə!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31