Əliyev Qranada görüşündən niyə imtina etdi?

Fransa və Almaniya niyə Türkiyənin görüşdə iştirakına qarşı çıxdı?

Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib. Hazırda ölkə ictimaiyyəti ilə yanaşı, beynəlxalq aləmi də Azərbaycanın görüşdən imtina etmə səbəbləri maraqlandırır. Politoloq Turan Rzayev bildirib ki,  Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi. Lakin buna imkan verilməyib. Bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib: " Təəssüf ki, Fransa və Almaniyanın mövqeyi bu məsələdə eynilik təşkil edir. Hər iki ölkə Ankaranı formata daxil etmək istəmir. Lakin müzakirə ediləcək məsələnin Ermənistanla Azərbaycan arasında sülh gündəliyi olduğunu nəzərə alsaq rəsmi Bakının görüşdə Ankaranın iştirak etməsini istəməsi təbiidir. Azərbaycan bu addım ilə bir daha diktə edilən deyil, diktə edən tərəf olduğunu nümayiş etdirmiş oldu. Bundan başqa Ankaranın tərəf kimi qəbul edilmədiyi bir platformada Bakının da iştirak etməsi mümkün deyil. Digər tərəfdən, Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb. Xüsusilə Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirləri və sonrasında erməni əhalinin kütləvi şəkildə öz istəyi ilə ərazini tərk etməsi fonunda bu ab-hava daha da artıb. Aydın məsələdir ki, anti-Azərbaycan ab-havasının formalaşmasında erməni lobbisi və diasporasının aktivliyi, habelə başladılan kampaniyaların təsiri var. Yəni əslində bu gözlənilən bir nəticə idi. Lakin bütün hallarda Qərbin sərgilədiyi mövqe qərəzli və doğru deyil. Hər şeydən öncə ona görə ki, Azərbaycan qanunsuz heç bir hərəkətə və ya məqsədyönlü şəkildə etnik təmizləməyə yol verməyib. Qarabağ ermənilərinə ərazini tərk etməmələri, qalıb Azərbaycan vətəndaşı olmaları yönündə təklif verilib. Onların Qarabağı tərk etməsi tamamilə subyektiv seçimdir. Diqqətçəkən digər bir detal isə rəsmi Bakının Aİ-Azərbaycan-Ermənistan üçlü formatı gündəmə gələrsə, görüşdə iştirak edə biləcəyini bildirməsidir. Yəni Ermənistan-Azərbaycan sülh prosesi Brüssel formatında müzakirə edilə bilər. Rəsmi Bakının buna etirazı yoxdur. Lakin Fransa Brüssel formatına müdaxilə etmək istəyərsə Azərbaycan bu formatdan, iştirakdan imtina edə bilər. Necə ki, bir müddət etdi".

Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, Əliyevin Qranada görüşündən imtina etməsinin səbəbi Fransa və Almaniyanın Türkiyənin masada iştirakına qarşı çıxmasıdır, hərçənd, yeganə səbəb bu deyil və burada iki mümkün hədəf var: "Birincisi odur ki, Ermənistanın üstünlük qazanmaq imkanının əlindən alınmasıdır. İrəvanın kommunikasiyanın açılması və sərhədinn delimitasiyası məsələsinə öz yanaşması var: Naxçıvana "maneəsiz keçid"i - Zəngəzur dəhlizini vermir; sərhəddə "güzgü prinsipi"ni - qoşunların qarşılıqlı geri çəkilməsini istəyir. Və buna yalnız Qərb platformasında nail olmaq imkanı var. Bu kontekstdə Qranada görüşü Ermənistan üçün əhəmiyyətli idi. Dördün birə nisbətində-Fransa+Almaniya+Avropa İttifaqı+Ermənistan və Azərbaycan -  keçiriləcək görüşdə Azərbaycana təzyiqin ediləcəyi gözlənilir və bu, təkcə sülh danışıqlarında İrəvanın mövqeyinin gücləndirilməsi ilə bağlı yox, həm də Qarabağ məsələsi ilə bağlı ola bilərdi. Qərbin "beynəlxalq missiya" adı altında bölgəyə daxil istəyi ortadadır. Rəsmi Bakının Türkiyənin də görüşdə iştirakını tələb etməsi bundan qaynaqlanır. Əliyev nəticəsi əvvəldən bəlli olan görüşə getməməklə İrəvanın üstünlüyünü əlindən aldı. İkincisi, görüşdən imtina Cənubi Qafqaza kənar müdaxilələrin zəiflədilməsi addımıdır. Antitrerror tədbirlərinin nəticəsi olaraq Qarabağ məsələsi sülh danışıqlarından çıxarıldı, artıq İrəvanın bu kartdan istifadə imkanı zəifdir. Bundan sonrakı mərhələdə sülh sazişinin imzalanması prosesinin sürətlənəcəyi görünür və burada əsas həlledici amil Zəngəzur dəhlizinin açılması, daha doğrusu, bu kommunikasiyanın "yol", yoxsa  "dəhliz" məntiqi ilə açılmasıdır".

Onun bildirdiyinə görə, Azərbaycan və Türkiyə Naxçıvana "maneəsiz keçidin - Zəngəzur dəhlizi - təmin edilməsini tələb edir. Rusiya bölgədə rıçaqlarını qorumaq, həm öz qoşunlarının dayanacağı yeni plasdarm yaratmaq, həm də Ermənistana yeni quru yol əldə etmək üçün "dəhliz məntiqi"ni müdafiə edir. Qərb Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını zəiflətmək, eyni zamanda, bölgədə iştirakçılıq payını artırmaq üçün Ermənistanın nəzarət edəcəyi "yol məntiqi"ni irəli sürür: "Azərbaycan, Türkiyə və Rusiyanın Cənubi Qafqazla bağlı istəkləri uzlaşır. Və istəklərinə nail olmağın yolu kənar oyunçuların prosesə müdaxiləsinin qarşısını almaq, Ermənistanın "altertiv qapılarını" bağlamaqdan keçir. Bu məqsədlə dördtərəfli format - Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan - təklif edildi və sülh sazişinin bu formatda imzalanması planı var. Əliyevin Qranadaya getməkdən imtina etməsi Cənubi Qafqazda proseslərin perspektiv inkişafını müəyyənləşdirmək gedişi hesab edilə bilər. İrəvan Bakı və Ankaranın şərtlərinin qoyulduğu, Moskvanın da dəstəklədiyi masaya gəlməlidir. Qarabağda 24 saatlıq "həll əməliyyatı"nın regional hədəfi də bu idi".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31