Cəbrayıl şəhərinin asad edilməsi Ordumuza əlavə güc verdi - Deputat - ÖZƏL
4 Oktyabr 2023 11:31 Siyasət"Zəfər tariximiz-Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 3 il ötür. Cəbrayıl şəhərinin inzibati mərkəzi 44 günlük müharibənin gedişində azad olunan ilk şəhərimiz doğma dədə-baba torpağımıza qayıdacağımızdan, tarixi qələbəmizdən xəbər verirdi. Bu gün biz Cəbrayıl Şəhəri Gününü qeyd edirik!" "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, "4 oktyabr - Cəbrayıl şəhəri günü" elan edilib:
"Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Bu Qələbə bizim Ordumuza əlavə güc verdi, inam verdi və şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra edərək torpaqlarımızı işğaldan azad etdi. Bu gün qürur və fəxarət hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" əməliyyatını uğurla davam etdirən yenilməz Ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində Cəbrayıl azaddır. Cəbrayıl şəhərində və işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və əbədi dalğalanacaq! Bu qürurlu günləri xalqımıza bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq! Cəbrayıl bizimdir! Qarabağ Azərbaycandır!"