44 günlük Vətən müharibəsi tariximizin ən şərəfli səhifəsidir - ÖZƏL

"Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi tariximizin ən şərəfli səhifəsidir. Bu müharibədə Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarını azad etdi, ölkəmizin suveren ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsinin gedişində hər bir kəndin, hər bir qəsəbə və ya şəhərin azad edilməsi bizim möhtəşəm Zəfərimizi təşkil edən parlaq qələbə idi. II Qarabağ savaşının ən əhəmiyyətli günlərindən biri də məhz 4 oktyabr tarixidir." "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib: "2020-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. Dünyanın hərb taixində ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilirdi. Bu parlaq qələbə hərbi əməliyyatların ilk günlərindən Azərbaycan əsgərinin qətiyyətini və gücünü bütün dünyaya göstərdi, işğalçı erməni ordusunu vahiməyə salaraq, onların döyüş qabiliyyətinə sarsıdıcı zərbə vurdu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31