Azərbaycanın siyasəti dostluq və əməkdaşlıq çərçivəsində həyata keçirilir - ÖZƏL
3 Oktyabr 2023 13:34 SiyasətTehranın Bakıya olan münasibətində qeyri-müəyyənlik qalmaqdadır. Bir tərəfdən Azərbaycanın haqlı tələbini nəzərə alaraq ölkəmizin İrandakı səfirliyinə terror hücumu təşkil edən şəxs barədə ən ağır cəzanı çıxardığı halda, digər tərəfdən işğalçı Ermənistanla yaxın münasibətləri davam etdirir. Qarabağdan köçən erməni gənclərə İranda təlim keçirildiyi bildirilir, Ermənistanın təhlükəsizlik şurasının katibi İranda ən yüksək səviyyədə qarşılanır, qəbul edilir. Bəs görəsən, İranın bu qeyri-müəyyənliyi nə vaxta qədər davam edəcək və bu yanaşma İran-Azərbaycan münasibətlərinə hansı təsiri göstərəcək?
"OLAYLAR"-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi hesab edir ki, İranın, səfirliyimizə hücum edən şəxsi edam edəcəyini bildirməsi, bölgədə gərginliyin azaldılması istiqamətində zəruri və vacib addımlardan sayila bilər. Onun sözlərinə görə, İranın bu siyasi addımı, Azərbaycanın məhz Qarabağı tamamilə azad etdiyi bir vaxtla eyni zamana salması, bizim ölkəmizin gücünü və iradəsini görməzdən gələnlərin gözünü açmaqdan xəbər verir:
"Azərbaycan öz torpaqlarını işğaldan azad edən ölkədir. Buna inanmaq istəməyənlər ola bilər, amma bu bir reallıqdır. Azərbaycan bölgənin lider dövlətinə çevrilib. Bu istər hərbi sahədə olsun, istərsə də siyasi və iqtisadi baxımdan olsun, özünü göstərir".
Ekspert deyib ki, bizim ölkənin siyasəti dostluq və əməkdaşlıq çərçivəsində həyata keçirilir:
"Bundan səmərəli şəkildə istifadə etmək istəyənlərə faydası mütləq şəkildə olacaqdır. Yox əgər bunun əksinə getmək arzusunda olanlar olarsa, mütləq ki, onlar da eynilə separatçı Ermənistanın yaşadığı aqibəti yaşamağa məhkum ediləcəklər".