Mina xəritələrinin Azərbaycana verilməsi üçün Ermənistana təzyiq göstərilməlidir - ÖZƏL
3 Oktyabr 2023 13:09 Siyasət"Təəssüflər olsun ki, Azərbaycan, Azərbaycan xalqı mina terroru ilə baş-başa buraxılıb və dünya birliyi, müvafiq beynəlxalq təşkilatlar da bu terrora göz yumurlar". "OLAYLAR" xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin mina terroru, ərazilərimizin ermənilər tərəfindən minalanması ilə bağlı beynəlxalq təşkilatlara ünvanladığı müraciət də qulaqardına vurulur, bu istiqamətdə Azərbaycana heç bir kömək göstərilmir:
"Necə ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən əraziləri Azərbaycan təkbaşına, eyni zamanda bizə dost olan ölkələrin dəstəyi ilə mina və partlamamış hərbi sursatlardan təmizləməyə başladı, üzləşdiyimiz ciddi bir problemə qlobal səviyyədə dəstək göstərilmədi, eləcə də indi dünya birliyi bu problemi görməzdən gəlir".
Arzuman Muradlı hesab edir ki, dünya birliyi, müvafiq beynəlxalq qurumlar mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün Ermənistana təzyiq göstərməlidirlər:
"Antiterror tədbirləri zamanı işğaldan azad edilən digər ərazilərimiz də Qarabağdakı separatçı rejim tərəfindən minalanıb. Ona görə də vətəndaşlarımız üçün risqli ərazilərin sayı artıb. Beynəlxalq aləm məsələnin həssaslığını, insan amili üçün nə dərəcədə təhlükəli olduğunu nəzərə almalıdır".
Arzuman Muradlı onu da vurğulayıb ki, ərazilərin minalanması azad olunan şəhər və rayonlarda quruculuq-abadlıq işlərinin aparılması, vətəndaşlarımızın öz doğma torpaqlara qayıtması üçün də problemlər yaradır.
