Azərbaycan sülh və əmin-amanlıq istəyini dünyaya nümayiş etdirir - ÖZƏL

"BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı ilə keçirilən "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasiminin Zəngilanda keçirilməsi bir çox aspektdən mühüm əhəmiyyət kəsb edən hadisədir". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Kamaləddin Qafarovun sözərinə görə, tədbirin siyasi əhəmiyyətini xüsusi qeyd etmək lazımdır: "Azərbaycan ev sahibliyi etdiyi bu beynəlxalq Forumu artıq ikinci dəfədir ki, məhz işğaldan azad edilmiş şəhərlərimizdə keçirir. Ötən il 1-ci Şəhərsalma Forumu Ağdam şəhərində təşkil olunmuşdu. Bu il isə, estafeti artıq Zəngilan qəbul edib. Bununla Azərbaycan bütün dünya ictimaiyyətinə işğaldan azad edilmiş və əbədi qayıtdığımız torpaqlarda həyatın necə sürətlə dəyişdiyini, canlandığını, bu ərazilərdə gedən yenidənqurma işlərinin vüsətini bir daha əyani şəkildə nümayiş etdirir. Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev tədbir iştirakçılarına təqdim etdiyi açıqlamalarında Vətən müharibəsinin başa çatmasından sonra keçən üç il ərzində görülmüş işlər və gələcək planlar barədə detallı məlumatlar təqdim etmişdir. Dünyanın 53 ölkəsindən, ümumilikdə 400 iştirakçının qatıldığı bu tədbir Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda gördüyü möhtəşəm işləri, erməni işğalı nəticəsində tamamilə dağıdılaraq viran qoyulmuş şəhər və kəndlərimizin sıfırdan necə yenidən qurulduğunu dünya ictimaiyyətinə bir daha nümayiş etdirmək üçün həqiqətən də böyük platformadır. Bu ərazilərdə qurub-yaratmaqla məşğul olan Azərbaycan bununla həm də öz niyyətini- sülh və əmin-amanlıq istəyini dünyaya nümayiş etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31