Azərbaycan qarşıda möhtəşəm qələbələr, uğurlar və nailiyyətlər qazanacaq bir Azərbaycandır - ÖZƏL
2 Oktyabr 2023 15:46 Siyasət"Azərbaycanın 19-20 sentyabr ərəfələrində 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatları nəticəsində artıq Azərbaycan dövləti Azərbaycan ərazisinə tam şəkildə nəzarəti həyata keçirməyə başladı".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Bildiyimiz kimi separatçı, qondarma rejim özünü buraxdığını elan etdi ki, yanvar ayının 1-dən özünü buraxır. Hesab edirəm ki, bu qısa zamanda artıq başa çatacaq bir prosesdir və bəlkə də önümüzdəki həftələrdə bu məsələ tam öz həllini tapacaq. Düşünürəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin burda da müstəsna xidmətləri və tarixi rolu var. Bu münaqişənin bitməsində bir lider olaraq əsas rol oynadı. Bu çox böyük, əhəmiyyətli bir hadisədir. Cənab Prezidentin özünün də qeyd etdiyi kimi, Azərbaycan dövləti, Azərbaycan ordusu 200 illik "böyük Ermənistan" planını məhv etdi, sıradan çıxartdı. Artıq bu gün artıq bütün ərazilərdə - Xocavənd, Xocalı, Ağdam, Xankəndi, Zəngilan, Qubadlı, Laçın, Şuşa, hər birinə nəzarət edən və hər bir vətəndaşına sahib çıxan bir Azərbaycan var. Azərbaycan dövləti hətta erməni əsilli sadə Azərbaycan vətəndaşlarına belə müraciət edərək, burada yaşayın, burada qalın deyə fikirlərini bildirib. Azərbaycan həm də humanizm prinsiplərinə söykənən siyasət yürüdür. "Böyük Ermənistan" ideyalarından, planlarından fərqli olaraq, güclü Azərbaycan, humanist Azərbaycan, milli-mənəvi, ümumbəşəri dəyərlərə hörmət edən bir Azərbaycan göstəririk onlara. Bu əslində son antiterror əməliyyatlarında özünü açıq şəkildə göstərdi. Azərbaycanın erməni əsilli öz vətəndaşlarına qarşı çox həssas yanaşdığını, hətta onların maksimum dərəcədə qorunması üçün əlindən gələn bütün tədbirləri həyata keçirdiyini də görmüş olduq. O baxımdan hesab edirəm ki, bu gün əldə etdiyimiz məlumatlar ki var, hansı ki, artıq separatçı rejim özünü buraxıb, bəzi cinayətkarlar artıq özləri təslim olurlar, bəzilərini isə özümüz həbs etmişik sərhəddə, bunlar əslində Azərbaycanın böyük bir uğurudur, Azərbaycanın gələcəyinin nə dərəcədə parlaq olacağının, Azərbaycanın gələcəyinin nə qədər möhtəşəm olacağının açıq göstəricisidir. O baxımdan hesab edirəm ki, Azərbaycan dövləti başda cənab Prezident Ali Baş Komandan İlham Əliyev olmaqla, qarşıda hələ böyük, möhtəşəm qələbələr, uğurlar və nailiyyətlər qazanacaq bir Azərbaycandır və biz bunu inşallah yaşadığımız dövrdə, qarşıdakı dönəmlərdə görəcəyimizə heç birimizin şübhəsi olmasın".
