Ermənilər kitab rəflərində belə partlayıcı qurğular yerləşdiriblər - ÖZƏL
2 Oktyabr 2023 11:33 SiyasətAzərbaycan təkcə ərazilərinin işğal olunması, 1 milyona yaxın soydaşının qaçqın və məcburi köçkünə çevrilməsi kimi problemi ilə üzləşməyib, eyni zamanda ermənilərinin mina terrorunun qurbanına çevrilib. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi zamanı ermənilərin işğal etdikləri Azərbaycan ərazilərinə basdırdıqları minalar bu gün də can almaqda davam edir. Baxmayaraq ki, Ermənistan mina xəritələrini Azərbaycana verib, ancaq baş verən mina partlayışları onu deməyə əsas verir ki, verilən mina xəritələrinin əksəriyyəti doğru deyil. Bu azmış kimi keçən ayın 19-20-si tarixlərində həyata keçirilən antiterror tədbirləri zamanı da düşmən həmin əməliyyata qədər işğal altında saxladığı ərazilərimizdə minalar basdırıb. Bəs, həmin mina xəritələrini Ermənistandan almaq olarmı?
"OLAYLAR"-ın xəbərinə görə, Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov da deyib ki, antiterror tədbirləri zamanı Qarabağdakı separatçı rejim və Ermənistan işğal altında saxladığı ərazilərdə mina basdırıb. İctimai birlik sədri hesab edir ki, bu mənfi tendensiya gözlənilən idi:
"Ən azı əvvəlki illərin təcrübəsi belə deməyə əsas verirdi. Bizim fikrimizcə, separatçıların, qeyri-qanuni hərbi birləşmələrin tərk edib getdikləri yerlərdə basdırdıqları minalar, mina tələlər, eləcə də digər partlamamış hərbi sursatların hamısı sənədləşdirilməli, aktlaşdırılmalı, sonra isə beynəlxalq aktorlara, bu məsələdə aktivlik nümayiş etdirən BMT, Avropa Birliyi, eləcə də digər təsisatlar, beynəlxalq insan hüquqları məhkəməsinı, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilməlidir. Ola bilsin ki, Ermənistan yenə də mina xəritələrinin olmadığını desin. Ancaq fakt faktlığında qalır və bizim istehkamçılarımız, ANAMA-nın əməkdaşları Xankəndi və digər ərazilərdəki tərk edilmiş evlər, bina girişləri, kitab rəfləri və s. yerlərdə çoxlu sayda minalarla rastaşıblar. Bir sözlə ağla gələn və gəlməyən bütün yerlərdə minalar və digər partlayıcı qurğular yerləşdiriblər. Qeyd etdiyim kimi bunların hamısı foto və video çəkilişlərlə sənədləşdirilməlidir".
Hafiz Səfixanov deyib ki, 44 günlük müharibədən sonra da Ermənistan rəhbərliyi bir neçə dəfə rəsmi şəkildə mina xəritələrinin olmadığımı bildirdi:
"Ancaq sonradan beynəlxalq aktorların təzyiqləri və digər məqamlar fonunda Ermənistan Azərbaycana bir neçə mina xəritəsi verdi. Düzdür, həmin mina xəritələri bir işə yaramadı. Azərbaycanın rəsmi qurumlarının verdiyi məlumata görə, mina xəritələrində dəqiqlik səviyyəsi 25 faiz belə deyil. Ancaq fakt faktlığında qalır ki, mina xəritələrini onlardan ala bildik".
İctimai birlik sədri onu da deyib ki, bu istiqamətdə fəaliyyətimizi daha da artırıb müəyyən beynəlxalq təşkilatları prosesə cəlb edə bilsək, basdırılmış minalarla bağlı hansısa məlumatları onlardan ala bilərik.