Ermənilərin reinteqrasiya prosesində məcburiyyət yoxdur - ÖZƏL

"Sentyabrın 19-20- i keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini tam təmin etdi və prosesin davamı olaraq separtçı qondarma rejim ləğv olundu. Azərbaycan ordusu  antiterror tədbirlərindən öncə dinc əhaliyə döyüş bölgələrindən uzaqlaşmağı bildirdi və legitim hədəf kimi yalnız hərbi obyektlərin, əsgəri birləşmələrin olduğu qeyd edildi. Antiterror tədbirləri heç bir dinc əhaliyə və mülki infrastruktura zərər vurulmadan xüsusi peşəkarlıqla keçirildi". 

"OLAYLAR" xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, bundan sonra Ağdərə, Xocavənd, Xocalı, Əsgəran, Xankəndidə yaşayan ermənilər könüllü şəkildə Ermənistana köç etməyə başladılar ki, proses bu gündə davam etməkdədir:

"Lakin müşahidə edirik ki, bəzi Ermənistan siyasiləri və xaricdə yaşayan ermənilər insanların könüllü şəkildə ölkəmizi tərk etməsini etnik təmizləmə adlandırır. Buda tamamilə absurd, əsasız yanaşmadır və klassik erməni xislətinin məhsuldur. Halbuki köç prosesinin hansı şəkildə həyata keçirildiyi hər kəsə məlumdur. Azərbaycan sərhədçisi və polisi mülki insanlara qayğıyla yanaşır, onları müxtəlif növ qidalarla təmin edir". AVP rəsmisi deyib ki, indiki halda ermənilərin reinteqrasiya prosesini deyil də, bölgəni tərk etməyi seçməsi onların tarix boyu Azərbaycan türklərini düşmən kimi qələmə vermək psixologiyasından irəli gəlir və onlara qarşı ölkəmiz tərəfindən hər hansı bir təzyiq yoxdur:

"Bu onların mental xarakteridir.

Əksinə sentyabrın 21- i Yevlax şəhərində keçirilən görüşdən sonra Bakıdan Xankəndinə tonlarla ərzaq məhsulları, dərman vasitələri və digər zəruri məhsullar göndərilmiş, xəstələrə tibbi yardım göstərilmişdir.  Halbuki eyni situasiya 30 il öncə cərayan edəndə Rusiya dəstəkli Ermənistan ordusu soy-kök əsas gətirilərək azərbaycanlılara qarşı soyqırımılar törətmiş, etnik təmizləmə siyasəti həyata keçirmişdir. Nəticədə minlərlə insan həyatını itirmiş, 800 mindən artıq insan məcburi şəkildə öz doğma yurdlarından qovulmuşdur". 

Pərviz Mirizadə deyib ki, Qarabağda yaşayan ermənilərin reinteqrasiya prosesində məcburiyyət yoxdur:

"Azərbaycan vətəndaşlığını qəbul edib birgəyaşayışa hazır olanlar qala bilər. Qəbul etməyənlər isə getməkdə sərbəstdir. Ermənilərin birgəyaşayışı deyildə getməyi seçməsi tarixi reallıqlardan irəli gəlir. Uydurma yalanlar və qondarma tarixin sonu bəllidir və bu gün onlar bilinən sonu yaşayırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31