Azərbaycan xalqı hər zaman Türkiyənin dəstəyini böyük minnətdarlıqla xatırlayacaq - ÖZƏL

"Azərbaycanın erməni terrorçularına qarşı lokal xarakterli antiterror əməliyyatı apardığı bir dövrdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatların verilməsi Türkiyənin növbəti qardaşlıq addımı idi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Məşhur Məmmədovun sözlərinə görə, Azərbaycan xalqı hər zaman bu qardaşlıq jestini böyük minnətdarlıqla xatırlayacaq: "İkinci Qarabağ müharibəsi zamanı da bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" kimi bəyanatın verilməsi bir çoxları üçün ciddi mesaj idi. Türkiyə ilə Azərbaycan arasında Şuşa şəhərində imzalanmış müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir. Türkiyə Prezidenti qeyd etdi ki, Naxçıvan iqtisadiyyat, enerji xətləri baxımından böyük potensiala malikdir. Xəzərdən keçən Orta Dəhlizin önəmi koronavirus pandemiyası və bölgəmizdəki savaşlar baxımından daha da üzə çıxıb. İğdır-Naxçıvan kəməri Avropanın da enerji təhlükəsizliyinə böyük töhfə verəcək. 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq. Qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə adlandırılan İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. Türkiyə Respublikası ilə strateji əhəmiyyət kəsb edən layihələr də gələcəkdə iqtisadiyyatımıza böyük tövhələr verəcək. TANAP layihəsi, İğdır-Naxçıvan qaz xətti və Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolu hər iki ölkə üçün tarixi hadisələr idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31