Qondarma qurumun özünü buraxması mənəvi və ictimai situasiya yaratmaqdan başqa bir şey deyil - ÖZƏL
29 Sentyabr 2023 11:09 Siyasət"Qondarma rejimin özünü buraxması faktının Azərbaycan üçün heç bir hüquqi əsası yoxdur. Bu faktın beynəlxalq aləm üçün də hüquqi əhəmiyyəti yoxdur, xüsusən də, bu quruma qondarma qurum dediyimiz halda".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, qondarma qurumun özünü buraxması mənəvi və ictimai situasiya yaratmaqdan başqa bir şey deyildir:
"Bu fakt sadəcə özünü bu "qurumda" yaşamağa və onun varlığına ibandırmış bir qrup kütlə üçün əhəmiyyət daşıyır. Bu durumda bu "qurumun" ilin sonuna kimi buraxılması faktı da ciddi və hüquqi əsası olmayan müddətdir. 30 il bu "qurum" mövcud olduğu dövrdə nə edə bildi ki, indi üç ay müddətində də nə edə bilsin?"
Azər Qasımov deyib ki, bu aylarda situasiyanın dəyişməsinə ümid etmək isə boğulanın zaman çöpündən tutunmasına bənzəyir:
"Böyük ehtimalla bu müddətə kimi Qarabağda erməni qalmayacaq.
Bu onların hərəkətlərindən görünür. Bununla yanaşı, separatçı qurumun liderlərinin əksəriyyəti həbs edilir və ediləcək. Situasiya nə qədər də pisə doğru dəyişsə belə, Azərbaycan üçün bunun əhəmiyyəti olmayacaq. Azərbaycanın ordusu, rəhbərliyi, xalqı artıq bu məqamdan sonra kimsəyə şans verməz ki, bir daha hansısa qondarma qurum və ya təşkilat ona problem yaratsın".