“Miatsum” ideologiyası darmadağın oldu - ÖZƏL
29 Sentyabr 2023 10:18 Siyasət"Qondarma "Artsax" Respublikasının "prezidenti" Samvel Şahramanyan tabeliyində olan bütün "dövlət qurumları"nın və "təşkilatları"nın ləğv edilməsi və "Dağlıq Qarabağ" ("Artsax") respublikasının buraxılması haqqında fərman imzalayıb. Bu çox tarixi hadisədir. Ədalət qalib gəldi!" "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, bu gün dünya ermənilərinin, erməni lobbisinin, diasporunun və ermənilərin havadarlarının Qarabağı zorla Azərbaycandan almaq üçün apardığı mübarizə və müharibə iflasa uğradı. "Miatsum" ideologiyası darmadağın oldu: "Bununla da, 200 il əvvəl Azərbaycanda yaradılmış erməni separatizmı, son 35 ildə on minlərlə azərbaycanlının həyatına qəsd edən "terror yuvası", "gərginlik mənbəyi" məhv oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandanın apardığı müdrik siyasəti, qətiyyəti, Ordumuzun rəşadətinin, xalqımızın bir yumruq kimi bir olmasının məntiqi nəticəsidir! Azərbaycan bütün dünyaya sübut etdi ki, işğalla barışmayacaq və onun tarixi ərazilərində ikinci bir erməni dövləti yaradıla bilməz! Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edir! Artıq Cənubi Qafqazda sülh və təhlükəsizlik dövrü başlayır! Biz çox mühüm bir tarixi proseslərin baş verdiyi zamandayıq! Bölgədə yeni geosiyasi reallıqlar yaranır, separatizm və işğala son qoyulur! Azərbaycan Prezidenti İlham Əliyev bu çətin lakin şərəfli tarixi missiyanı yerinə yetirdi! Azərbaycan Ordusunun, Şəhid və Qazilərimizin Azərbaycan uğurunda misilsiz xidmətlərini heç vaxt unudulmayacayıq!"