Qarabağ bütöv, həm də məhz bizim arzu etdiyimiz şəkildə azad olundu - Özəl

"Müzəffər Ali Baş Komandan 100 il davam edən antiAzərbaycan erməni hərəkatını öz Dəmir Yumruğu ilə məhv etdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclis sədrinin müavini Fəzail İbrahimlinin sözlərinə görə,  Qarabağ bütöv, həm də məhz bizim arzu etdiyimiz şəkildə azad olundu: "Separatçı rejim darmadağındır, rəhbərləri həbs olunur. Bu, İlham Əliyevin böyük, çox böyük, hətta təsəvvür belə etmədiyimiz misilsiz böyük uğurudur, zəfəridir. 2020-ci ilin 10 noyabrında əldə edilən Zəfər tamamlandı və suverenliyimiz tam bərpa olundu. İlham Əliyev həm prezident kimi diplomatik müstəvidə, həm də Ali Baş Komandan kimi hərb meydanında "nəyi nə vaxt etmək lazım olduğunu" hamıdan yaxşı bildiyini  bir daha nümayiş etdirdi. İkinci Qarabağ müharibəsindəki qələbəmizi ötən üç il ərzində istər diplomatik masada, istərsə də hərb meydanında möhkəmləndirən Azərbaycan həmin tarixi zəfərini tam yekunlaşdırmış oldu. Mənfur düşmənlər bu qədər müddətdə Böyük Zəfərdən sona imzalanmış üçtərəfli Sazişin heç bir şərtinə əməl etmədiklərini hər gün görürdük. Daima Azərbaycan tərəfini təhdid edib, Xankəndi və ətraf bölgələrdəki dinc erməni sakinlərini sipər edərək, həmin ərazilərə durmadan xarici havadarlarının dəstəyilə silas-sursat və ağır texnika toplamaqla məşğul olublar. İşğaldan azad olunmiş, minalardan təmizlənmiş ərazilərimizə diversiya-terror qruplaşmalarının əlilə yenidən minalar basdırmaqdan vaz keçməyiblər. Nəhayət ki, Fizuli yolunda minaya düşən polislərimizin şəhadət xəbəri artıq hamımızın səbrini daşırdı. Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr tarixlərində bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirən Ordumuz bir günün tamamına dəqiqələr qalmış Ermənistan silahlı qüvvələrinin Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarmağı bacardı. Azərbaycan Ordusunun dəqiqliklə icra etdiyi lokal antiterror tədbirləri qarşısında ağ bayraq qaldırmağa məcbur olan Ermənistan silahlı qüvvələrinin ərazilərimizdəki silahlı birləşmələri bununla da Azərbaycanın Qarabağ ərazisində rus sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında möhkəmlənməyə çalışan, beynəlxalq ermənipərəst qüvvələrin dəstəyi ilə Azərbaycan ərazisində özünə legitimlik qazanmaq istəyən separatçıların sonunun çatdığı dəqiqləşmiş oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31