Qarabağda sülh: Antiterror tədbirlərinin əhəmiyyəti

Antiterror tədbirlərinin əhəmiyyəti, cinayətkarların həbsi barədə politoloqlar "Olaylar"- danışıb: 

Politoloq Aydın Quliyev:

"Antiterror tədbirlərindən sonra Qarabağda yaranmaqda olan sabitlik bu tədbirlərin nə qədər zəruri olduğunu təsdiqlədi. Bölgədə təhlükəsizliyin bir nömrəli maneəsi olan qanunsuz dəstələrin tərki silah edilməsi rolunu oynamaqdadır. Artıq keçmiş təmas xəttində gündəlik olaraq atəşkəsin pozulması halları ilə qarşılaşmırıq. Bütün bunlar antiterror tədbirlərinin böyük nəticəsidir. Bölgəmizdə vəziyyətin stabilləşməsinə doğru böyük dəyişikliyin yaranması ilə barəbər, antiterror tədbirlərinə öncədən mənfi yanaşan dairələrin də fikirlərini dəyişir. Tədbirin ilk zamanlarında bəzi beynəlxalq təşkilatların bundan məmnun qalmadıqlarını gördük. Qısa müddətdə başa çatan  antiterror tədbirlərinin böyük nəticələri artıq beynəlxalq qüvvələrin fikirlərini köklü şəkildə dəyişməkdədir. Onlar artıq antiterror tədbirlərinin yox, sonradan yaranan vəziyyətin müzakirəsinə daha maraqlı görünürlər. Qarabağda yaranan  humanitar çətinliklərlə bağlı olaraq Azərbaycan ciddi addımlar atır. Antiterror tədbirləri zamanın tələbi idi. Bölgəmizdə sülhün bərqərar edilməsi üçün şərt idi. Tədbirlərdən sonra bəzi erməni cinayətkarlarının Azərbaycan ərazisini tərk etmək istəyərkən ələ keçməsi antiterror tədbirlərinin bir hissəsi kimi nəzərdən keçirilə bilər. Əlbəttə, Azərbaycan heç kimi erməni olduğu üçün təqib etmir. Ancaq, bəzi ermənilər indiyə qədər Azərbaycana qarşı həm müharibə, həm də siyasi cinayətlər törədiblər. Tətbiq olunan mexanizmlər ermənilərin bir-bir ifşa olunmasına gətirib çıxarır. Bir müddət əvvəl Vaqif Xaçaturyanın ifşasından sonra böyük cinayətkarlardan biri olan Vardanyan da ələ keçdi. Vardanyanın Azərbaycan qarşısında siyasi cinayətləri böyükdür və bağışlana bilməz. Digərləri də həbs olunacaqları günü gözləyirlər. Antiterror tədbirləri bölgədə sülhün yaranmasına səbəb olur. Eyni zamanda bölgədən cinayətkarların da təmizlənməsində öz rolunu oynayır".

Politoloq Cümşüd Nuriyev:

"Dünən saxlanılan erməniləri Azərbaycan çoxdan axtarırdı. DTX və digər təhlükəsizlik orqanları tədbirlər planı hazırlamışdı. Hətta, Samvel Babayanın sərhəddən keçməsinə qəsdən şərait yaradıldı ki, daha böyük cinayətkarları həbs etsinlər. İndi geriyə həbs etməli olduğumuz iki böyük cani qalıb. Onlar, Arayik Harutyunyan və Ağacanyandır. Vardanyan uzun müddət Qarabağdakı faydalı qazıntı yataqlarını istismar edib. Onun Azərbaycana vurduğu zərər milyonlarla ölçülür. Eyni zaman, uzun müddət Azərbaycana qarşı təbliğat apararaq, separatçıları maliyyələşdirib. Mülki əhalinin və əsgərlərin şəhid  olmasına səbəb olub. Vardanyana artıq cinayət işi açılıb. Onlar saxlandıqdan sonra qondarma rejim də öz özünü buraxdı. Əslində biz bu rejimi elə 26 noyabr 1991-ci ildə ləğv etmişdik. Ancaq, axırda bunu özləri də etiraf etdilər. Bölgədə sülhün bərqərar olmasına heç bir şübhəm yoxdur. İlin axırına qədər mütləq sülh müqaviləsi imzalanacaq. Ancaq, bir şeyi yaddan çıxarmayaq ki, bölgədə ən böyük şeytan yenə də Rusiya sülhməramlılarıdır. Azərbaycan təkcə de-facto deyil, de-jure də ərazi bütövlüyünü tam bərpa etdi". 

Politoloq Oqtay Qasımov:

"19-20 sentyabrda bir sutka çəkən antiterror tədbirlərindən sonra yeni reallıq yarandı. Separatçı rejim təslim oldu. Hazırda rejimin tərki silah olması prosesləri həyata keçirilir. Yəqin ki, bu proses bir az zaman aparacaq. Hazırda Azərbaycan bir neçə istiqamətdə addımlar atır. Bir nömrəli məsələ Qarabağ ərazisində olan separatçı qalıqlarının aradan qaldırılması, bölgədə təhlükəsizlik xidmətlərinin həyata keçirilməsidir. İkinci məsələ humanitar məsələlərdir. Artıq, Azərbaycan təhlükəsizlik orqanları və Qarabağ ermənilərinin nümayəndəsi ilə görüş olub, bir çox məsələlər müzakirə edilib. Onların xahişi həyata keçirilir. Bölgəyə ərzaq, yanacaq məhsulları, dizel və.s göndərilir. Xankəndinin enerji sistemi Azərbaycana birləşdirildi. Prezidentin yaratdığı işçi qrupunun tərkibinə bir çox nazirlik, işçi qrupu nümayəndələri daxildir. Bundan sonraki mərhələlərdə Azəriqaz, Azərsu kimi kommunal xidmətlər məsələnin həllinə istiqamətlənmiş addımlar atacaqlar. 

Əsas məsələlərdən biri cinayətkarların saxlanılmasıdır. Bununla bağlı böyük addımlar atıldı. Son bir ildə Moskvadan gəlib Qarabağa yerləşən və orada qondarma qrupa rəhbərlik edən, Azərbaycana qarşı terror, hərbi cinayətlər törədən dünən həbs olundu. Ruben Vardanyanın aqibəti digər digər hərbi cinayətkarlara da görk olacaq. Cəmiyyət ədalət üzərində bərqərar olar. Ədalət burada təcəlli etməlidir. 35 ildən bəri torpaqlarımızda yerləşib, xalqımıza qarşı soyqrım edən şəxslərin müəyyən edilməsi prosesi də bundan sonra aparılacaq. Hazırda Qarabağdan Ermənistan ərazisinə doğru bir köç var. Onların taleyi öz ixtiyarlarına buraxılıb. Müsahibələrdən də görünür ki, onların bir qismi Azərbaycan vətəndaşı olmağa hazırdır. Onlara bölgədə şərait yaradılacaq. Bunu Azərbaycan Prezidenti 21 sentyabrda xalqa müraciətində bir daha qeyd etdi. Azərbaycan 200 illik layihəyə son qoydu. Güney Qafqaz və ərazilərimizdə ermənilərdən Türkiyə və Azərbaycana qarşı istifadə edən faktor aradan qalxmaqdadır".

Politoloq Sədrəddin Soltan:

"Azərbaycan mərkəzi hakimiyyətinin Qarabağda həyata keçirdiyi antiterror tədbiri suverenliyimizin bərpasınıb başa çatması deməkdir. Bu həm də Azərbaycanın ərazini işğaldan təmizləməsi istiqamətində apardığı uğurlu tədbirdir. SSRİ-dən sonra malik olduğumuz ərazidə suverenliyimiz bərpa edildi. Bu perspektivdə Ermənistanla sərhədlərin müəyyənləşməsinə, normallaşma prosesinə müsbət təsir edəcək. Keçirilən tədbirlər həm də bölgədə üçtərəfli əməkdaşlığa töfhə verə bilər. Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq üçün böyük fürsət yarandı. Cənubi Qafqazda reallaşması mümkün olan layihələrə təkan yarandı. Bununla da proses beynəlxalq əhəmiyyət daşımağa başladı. 

Cinayətkar ünsürlərin həbsi ermənilər və bölgədə fəaliyyət göstərmək istəyən separatçılar üçün böyük dərsdir. Həbsi nəzərdə tutulan digərləri- Sarkisyan, Koçaryan, Qukasyan, Ohanyan və.s kimilər Azərbaycan ərazisində soyqrımla, terrorla məşğul olublar. Bu baxımdan onlar cinayətkardır. Cinayətlər Azərbaycan ərazisində baş verdiyinə görə Azərbaycan qanunları ilə cinayət hökmü çıxarılacaq".

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31