Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna səviyyədədir - ÖZƏL

"Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadənin sözlərinə görə, hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə həmişə bir birimizə birmənalı olaraq qarşılıqlı dəstək verməyin əsl örnəyini nümayiş etdiriblər: "Sentyabrın 25-də Türkiyə Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı da bu gerçəklik bir daha təsdiqləndi. Liderlərin Naxçıvanda baş tutan görüşündə ölkələrimizin əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə olunub. Xatırladım ki, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ilə münasibətlərimizin yeni mərhələsi başladı. Şuşa Bəyannaməsi hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək üçün mühüm əhəmiyyət kəsb edib. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, iki il bundan əvvəl uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi - müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Dövlətimizin başçısı qeyd edib: "Bu gün bu əlaqələr ən yüksək zirvədədir və biz indi bütün istiqamətlər üzrə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq".  Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna səviyyədədir. "Bir millət, iki dövlət" şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən dönüş nöqtəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31