Vardanyan sonuncu deyil - Azərbaycana qarşı cinayət törədənlər cəzasız qalmayacaq

Əgər kimsə Azərbaycan dövlətinə qarşı cinayət törədibsə, mütləq şəkildə cəzasını çəkməlidir.

Olaylar.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan separatçılara dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, onlar Qarabağda oturaraq Azərbaycanı təhdid edirdilər.

"Əgər onlar doğurdan da Qarabağda yaşayan erməni əhalisini girov götürməmişdilərsə, o zaman niyə separatizmin alovlanması üçün əlindən gələni edirdilər.

Ruben Vardanyanla əlaqəli xüsusi məsələ var. Bu ondan ibarətdir ki, o Azərbaycan torpağında oturaraq Azərbaycanın konsititusiyasını pozub, qeyri-qanuni şəkildə Qarabağa daxil olub, separatizmin alovlanması, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması üçün əlindən gələni edirdi. Bu həm onun çıxışlarından, həm də atdığı addımlardan görünürdü. O Xankəndidə oturub, öz maliyyə imkanlarından istifadə edərək xarici mediaya Azərbaycan əleyhinə açıqlamalar verirdi.

İndi öz cəzasını çəkəcək. Ruben Vardanyan sonuncu olmayacaq. Azərbaycana qarşı cinayət törədənlərin heç biri cəzasız qalmayacaq", - deyə Z.Məmmədov bildirib.

Xatırladaq ki, sentyabrın 27-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma "Dağlıq Qarabağ Respublikasının Dövlət naziri" vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31