Vardanyanın saxlanılması sıradan bir kriminal hadisə kimi sayılmamalıdır - ÖZƏL
28 Sentyabr 2023 10:44 Siyasət"Qarabağdakı separatçıların aparıcı liderlərindən olan Ruben Vardanyanın Laçın Nəzarət Buraxılış Məntəqəsində DSX tərəfindən saxlanılaraq Bakıda aidiyyatı istintaq orqanlarına təhvil verməsi sıradan bir kriminal hadisə kimi sayılmamalıdır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, Vardanyan həm Qarabağ erməniləri, həm də dünya erməniləri arasında populyar şəxslərdən biridir:
"Eyni zamanda onun biznes və siyasi çevrələrlə geniş əlaqələri var. Mərkəzi hakimiyyət heç nəyə rəğmən Vardanyanı saxlamaqla separatizmə qarşı qətiyyətli və barışmaz mövqeyini bir daha ortaya qoymuş oldu. Rusiya zənn etmirəm ki, R. Vardaniyana sahib çıxsın. Çünki Vardanyan Rusiya vətəndaşlığından imtina edib. Əgər sahib çıxsaydı heç onun saxlanılmasına imkan verməzdi. Hansısa üsullarla onu xilas edərdi. Lakin R.Vardaniyamın uzun müddətətli cəza alacağı düşuncəsində də deyiləm. Bununla belə digər separatçı ünsürlərə bu hadisədən nəticə çıxaracaqlar".
Əli Oruclunun qənaətincə, Rusiya hələ ki, dönüklüyünə və Qərbə üz tutduğuna görə Paşinyanla məşğuldur:
"İşinə yarasa təbii ki, Vardanyan faktorundan da istifadə edəcək. Moskva ermənilərə bir daha göstərdi ki, Ermənistan Rusiyasız etibarlı təhlükəsizliyini böyük ambisiyalarla təmin edə bilməz. İrəvanın da Qərbin, xüsusən də Fransanın dəstəyinə bel bağlaması əbəsdir".
