Bişkekdə erməni yalanlarını ifşa edən kitab nəşr edildi

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində "Erməni tarixi publisistikalarında və tarixşünaslığında Azərbaycan tarixi: saxtalaşdırma və həqiqət" adlı kitab rus dilində işıq üzü görmüşdür. Kitabın tərtibatçısı və ön sözün müəllifi tarix elmləri doktoru,  AMEA Bakıxanov adına  Tarix İnstitutunun direktoru, professor Kərim Şükürovdur. 

Kitabda erməni tarixçilərinin müxtəlif dövrlərdə nəşr etdirdikləri əsərlərə Azərbaycan tarixçilərinin rəyləri salınmışdır. Bu, akademik Ziya Bünyadovun, A.N. Ter Gevondyanın "Ermənistan və ərəb xilafəti" adlı kitabına rəydir. 80-ci ilin ortalarından Ermənistanın Azərbaycana ərazi iddialarının yeni mərhələyə qədəm qoyması ilə erməni tarixşünaslığında antiazərbaycan kitablarının sayı artır. O dövrdə memarlıq doktoru, professor Davud Axundovun və Murad Axundovun erməni tarixçisi V.Smbatyanın "Qafqaz Albaniyasının tarixinə dair" əsərinə olan rəydir. Akademik Nailə Vəlixanlının A.K.Şaqinyanın "Zaqafqaziya ərəb xilafəti tərkibində" və "Naxçıvan ərəb xilafəti tərkibində" əsərlərinə rəylər, Ziya Bünyadovun görkəmli epiqrafist-alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Məşədixanım Nemətlə birgə A.A.Xaçatryanın "Ermənistanın XIII-XIV əsr ərəb yazılarının korpusu" kitabına rəylər də daxil edilmişdir. Azərbaycanın Qarabağ regionunun dağlıq hissəsinin, tarixi və memarlığının saxtalaşdırılması erməni tarixşünaslığında xüsusi yer tuturdu. Kitaba 2000-ci ildə İrəvanda Samvel Karapetyanın "Dağlıq Qarabağ bölgəsində erməni mədəniyyətinin abidələri" əsərinə tarix elmləri doktoru Vəfa Quliyevanın geniş rəyi daxil olmunmuşdur. Yenə də Vəfa Quliyevanın digər rəyi özünün qeyri-ordinar yanaşması ilə diqqəti cəlb edir. Bu A.D.Papazyanın 1956, 1959 və 1968-ci illərdə nəşr etdirdiyi "Matenadaranın fars sənədləri"  və "Matenadaranın çıxarışları" adlı kitablarına rəyi yer almışdır. Müəllifin kritik analizi nəticəsində erməni A.D.Papazyanın sənədlərin tərcüməsində buraxdığı səhv və interpretasiyalar aşkar olunmuş və həqiqət bərpa olunmuşdur. Kitabda diqqət çəkən  rəylərdən biri Rizvan Hüseynovun Filip Ekozyantsın əsərinə olan rəydir. Bu müəllifin kitabı erməni tarixçiləri tərəfindən saxtalaşdırılmış tarixə yenidən baxışın zəruri olduğunu isbatlayır. 

Bu rəylərdə erməni tarixçilərinin tarixi faktları saxtalaşdıraraq Azərbaycan tarixinin Ermənistan tarixi kimi təqdim etmələri ifşa olunur. Sovet dövründə erməni tarixi publisistikasında və tarixşünaslığında antiazərbaycan baxışlarının sistemi yaradılmışdır. Bu həm Azərbaycan adına, Azərbaycanın tarixi, coğrafiyası, etnogenezi və sairə problemlərə aid idi. Erməni diasporasının maliyyə dəstəyi ilə bir sıra sifarişli müəlliflər meydana gəlmiş və onların əsas məqsədi antiazərbaycan fəaliyyəti ilə məşğul olmaq idi. 

Zəngin faktiki sənədlər əsasında tarixi mənbələrə söykənərək Azərbaycan tarixçiləri bu əsərləri təhlil edərək Cənubi Qafqazın yeni tarixi konsepsiyasını yaratmış, ermənilərin buraya gəlmə xalq olduqlarını, erməni tarixinin saxtalaşdırılmış Azərbaycan tarixi olduğunu sübuta yetirmişlər. 

Kitabda yer almış rəylər Azərbaycan tarixinin Qafqaz Albaniyasından -  XX əsrə qədər geniş tarixi dövrü əhatə edir.
Qeyd edək ki kitab "Uluu Toolor"  nəşriyyatında 500 nüxsə ilə çap edilmişdir. Xatırlatmaq yerinə düşər Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti, Azərbaycan həqiqətlərini, Ulu Öndər Heydər Əliyev irsinin Orta Asiya Dövlətlərində yorulmaz təbliğtçısı Nüsrət Məmmədovdur, Bu, fondun nəşr etdirib pulsuz yaydığı 154 cü kitabdır.
Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Fond öz ənənələrinə sadiq qalaraq kitabı pulsuz yaymağı planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31