Azərbaycanın antiterror tədbirləri beynəlxalq səviyyədə təqdir edilir - ÖZƏL

Avropa İttifaqının son açıqlaması belə deməyə əsas verir

Hər nə qədər dirəniş göstərib Azərbaycanın Qarabağdakı separatçı xunta rejimi və qeyri-qanuni hərbi birləşmələrə qarşı abtiterror tədbirləri keçirməsinə mane olmağa çalışsalar da, lakin rəsmi Bakı qarşısına qoyduğu məqsədi həyata keçirdi və daha bir missiyanı uğurla başa vurdu. Qısa müddət ərzində həyata keçirdiyi antiterror tədbirləri ilə Qarabağdakı separatçı rejim təslim olmalı, əlində olan silah-sursatı təhfil verməli oldu. 

Düzdür, Azərbaycanı sevməyən dairələr, xüsusilə erməni diasporu və lobbisinin pulunun əsirinə çevrilən bəzi Avropa, Qərb təsisatları Azərbaycanın antiterror tədbirlərini ciddi cəhdlə beynəlxalq hüquqa, insan haqlarına zidd kimi qələmə verməyə çalışsalar da, lakin Bakının sərgilədiyi mövqe, ortaya qoyduğu davranış bütün bu qarayaxmaları heçə endirdi. Azərbaycanın antiterror tədbirlərini sırf qeyri-qanuni hərbi birləşmələrə qarşı aparması, mülki şəxslərin heç bir hədəfə məruz qalmaması, əməliyyatın getdiyi müddətdə Bakı tərəfindən Qarabağdakı mülki ermənilərə müraciət ünvanlanması və onlara istənilən yardımın göstəriləcəyi barədə verilən vədlər və həmin vədlərin yerinə yetirilməsi istər-istəməz Azərbaycanın separatçılara qarşı atmış olduğu addımlara olan beynəlxalq münasibəti dəyişdi. Elə Avropa İttifaqının son açıqlamasına da məhz bu prizmadan baxmaq mümkündür.

"OLAYLAR"-ın xəbərinə görə, Avropa İttifaqının Azərbaycanın Qarabağdakı separatçılara qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərlə bağlı açıqlamasını şərh edən "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı deyib ki, bu açıqlama öz növbəsində rəsmi Bakının haqlı davranış və mövqeyinin, separatçılar və terrorçulara qarşı atmış olduğu addımların Avropa İttifaqının fonunda ümumən Avropa qitəsi, həmçinin dünya tərəfindən qəbul edildiyinin göstəricisidir. Arzuman Muradlı hesab edir ki, Avropa İttifaqının belə bir mövqe ortaya qoymasını şərtləndirən amillər kifayət qədərdir:

"Birincisi, Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərində mülki insanlar, eləcə də mülki obyektlər heç bir halda hədəf seçilməyib. Baxmayaraq ki, separatçılar, qeyri-qanuni hərbi birləşmələr Azərbaycan Ordusuna qarşı qanunsuz hərəkətləri, terror və təxribatlarını birbaşa mülki obyektlərdən həyata keçiridilər. Antiterror tədbirlərindən sonra aparılan araşdırmalar və separatçılara məxsus döyüş texnikası, silah-sursatın məhz mülki obyektlərdən, fərdi yaşayış evlərindən aşkar edilməsi də bunun əyani sübutudur. Ancaq buna baxmayaraq Azərbaycanın heç bir mülki obyekti hədəf götürmədiyi və mülki insanları hədəfə almadığı gün kimi ortada idi. Təsəvvür edin, Ermənistanın baş naziri Nikol Paşinyan belə Azərbaycanın antiterror tədbirləri zamanı mülki obyektlərə heç bir zərbə endirmədiyi və mülki şəxslərin zərər çəkmədiyini açıq şəkildə etiraf etdi. Qarşı tərəfin reallığı əks etdirən etirafı qarşılığında Azərbaycanı mülki obyektləri, sadə insanları hədəfə aldığı barədə açıqlama vermək, təbii ki, qeyri-obyektivlik, ədalət anlayışlarından çox-çox uzaq olardı. Ona  görə də Avropa İttifaqı qurumda təmsil olunan Almaniya, Fransa kimi ölkələrin antiAzərbaycan mövqeyindən fərqli olaraq son antiterror tədbirlıəri ilə bağlı ədalətli, doğru yanaşma ortaya qoydu. Bu yanaşma həm də onun təsdiqi idi ki, Avropa da öz-özlüyündə Azərbaycanın öz suveren ərazilərini təmin etməkdən yanadır və antiterror tədbirlərinin ölkənin hüdudları daxilində həyata keçirildiyini təsdiqləyir".

Arzuman Muradlı deyib ki, rəsmi Bakının Qarabağın mülki əhalisi ilə görüşlər keçirib onların problemlərini dinləməsi, həmin problemlərin həlli məqsədilə müvafiq addımlar atması, yardımlar göndərməsi də öz-özlüyündə Azərbaycanın əsrlərdən gələn humanizm, insanpərvərliyinin nümunəsini ortaya qoyur ki, bu da Avropa İttifaqının son açıqlamasında müsbət elementlərin olmasına təsirsiz ötüşməyib:

"Hesab edirəm ki, Avropa İttifaqının son açıqlaması Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində yaranmış yeni reallığın təkcə qoca qitə deyil, eyni zamanda bütün dünya birliyi tərəfindən qəbul edildiyinin təsdiqidir. Çünki Azərbaycanın həyata keçirdiyi tədbirlər öz suveren ərazisində qeyri qanuni hərbi birləşmələrin və onların hərbi infrastrukturunun neytrallaşdırılmasına yönəlmişdi. Bu gün dünya da, Avropa İttifaqı da məhz beynəlxalq səviyyədə terrorizmə, separatizmə qarşıdır. Belə olan halda Azərbaycanın antiterror tədbirlərini dəstəkləməmək yalnışlıq, terrorizmə qarşı mübarizədə belə ikili standartların tətbiq edilməsi demək olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31