Ərdoğanın 15 ildən sonra Naxçıvana səfər etməsi regional proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir - ÖZƏL

"Türkiyə prezidenti, cənab Rəcəb Tayyib Ərdoğanın 15 ildən sonra Naxçıvana səfər etməsi regional proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, 44 günlük Vətən Müharibəsinin nəticələri Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və 2021- ci il iyunun 15- də imzalanmış Şuşa bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri yeni müstəviyə-strateji müttəfiqlik mərhələsinə yüksəldi:

"Hər iki ölkə beynəlxalq arenada bir-birinin maraqlarını sona qədər müdaifə edir. Ən son olaraq Türkiyə liderinin BMT-də səsləndirdiyi fikirlər, ölkəmizin ərazi bütövlüyünə duyduğu həssaslıq qardaşlıq nümunəsi idi". 

AVP rəsmisi deyib ki, Qarabağda keçirilən uğurlu antiterror tədbirləri və qələbənin 3-cü ildönümünü ərəfəsində  liderlərin görüş yeri kimi Muxtar Respublikanın seçilməsi təsadüfi deyil:

"Görüşün siyasi xronologiyasını Azərbaycan-Ermənistan münasibətləri, İran-Azərbaycan münasibətləri, Türkiyənin proseslərdə iştirakı, hərbi-iqtisadi əlaqələr aspektindən  şərh etməkdə fayda var. Hazırda gündəlikdə duran əsas məsələ Zəngəzur dəhlizinin açılması və qalıcı sülhün əldə olunmasıdır ki, rəsmi Ankaranın, regional müstəvidə siyasi maraqlarını nəzərə alaraq prosesin müsbət sonluqla bitməsi üçün səylərini artırdığının şahidi oluruq. Yeni koridorun digər adla "Türk yolu" adlanması Bakı və Ankaranın Orta Asiya siyasəti, TDT güclənməsi baxımından ortaq hərəkət etməsinin sübutudur. Həmçinin Naxçıvanın enerji təhlükəsizliyini nəzərə alaraq Iğdır-Naxçıvan magistral qaz kəmərinin çəkilməsi bölgənin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcək və bununla İranın "Naxçıvan tranziti" üzərində ölkəmizə yönəlik siyasi təzyiqləri önəmli ölçüdə azalmış olacaq. Digər vacib məqam prezidentlərin Naxçıvanda Bərpa-istehsalat kompleksinin açılışında iştirak etməsi idi. Hesab edirəm ki, iki ölkənin birgə ordu quruculuğu sahəsində əməkdaşlıq etməsi bu kimi addımlarla daha da dərinləşir, həmçinin regionun təhlükəsizlik arxitekturasın yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31