Bütün bunlar İlham Əliyevin lider kimi çox böyük bir uğurudur və gələcək nəsillər üçün örnəkdir - ÖZƏL

"Prezident İlham Əliyev sadəcə olaraq bir ölkə rəhbəri kimi deyil, həm də çox uğurlu, bacarıqlı Ali Baş Komandan kimi də özünü təsdiqlədi".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Prezident İlham Əliyev sadəcə erməni məsələsini, bir dövrün problemini həll etmədi, doğurdan da o, 200 illik işğala son qoydu. Yəni, faktiki olaraq 1828-ci ildə Rusiyanın hazırkı Azərbaycan Respublikasının ərazilərini işğal etməsindən sonra İrandan gətirib Qarabağa yerləşdirdiyi ermənilərin bölücülük və terrorçuluq əməllərini itirməklə Prezident İlham Əliyev, müzəffər ali baş komandan yeni bir tarix yazdı, yeni bir səhifə açdı. Bu olduqca böyük uğurdur. Üstəlik də dünyanın hər tərəfindən üzərimizə gəlməyə hazır bu qədər bəd qüvvələr varkən bunu bacarmaq isə tamam başqa araşdırılacaq məsələdir. Yəni, bu İlham Əliyevin bütün anlamlarda lider kimi çox böyük bir uğurudur və əlbəttə ki, gələcək nəsillər üçün örnəkdir.
Yeri gəlmişkən, onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan bu əməliyyatları apararkən, istər antiterror əməliyyatı, istər 44 günlük Vətən Müharibəsi, bütün dünyaya necə humanist bir müharibə aparmağın örnəyini göstərdi. Yəni, biz mülki şəxsləri hədəf almadıq, gərəksiz yerə insanların öldürülməsinə, mülki obyektlərin dağıdılmasına şərait yaratmadıq. Azərbaycan dövləti elə bir müharibə apardı ki, bu müharibə çərçivəsində minimum zərərlə mülki şəxslərə və ya obyektlərə nəsə oldu. Yerdə qalan legal hərbi obyektlər idi ki, bunlar məhv edilirdi. O cümlədən də, canlı qüvvə. Bütün bunlar dediyim kimi öyrəniləsi, araşdırılası məsələlərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31