"Ermənistan regionda müəyyən qüvvələrin əlində kimisə vurmaq üçün kart olmaq statusunu tamamilə itirdi" - ÖZƏL
26 Sentyabr 2023 11:54 Siyasət"Böyük Ermənistan" ideyası son 140-150 ildə dünyadakı erməni toplumunu bir yerə cəmləşdirmək və hansısa məqsədlərə qarşı istifadə etmək üçün vasitə idi. Bu, erməni işbazlarının, siyasi avanturistlərin öz məqsədlərini yeritmək üçün istifadə olunan ideologiya idi. Xüsusilə, erməni bankirlər, işbazlar Osmanlı İmperiyasını çökərtmək və çökən imperiyanın yerində özlərinə böyük tikələr əldə etmək üçün uydurma ideyanı ortaya ataraq, sıravi erməniləri də onun ətrafında birləşdirməyə çalışırdı".
Bu sözləri Olaylar-a politoloq Aydın Quliyev deyib:
"İdeya o zaman cəlbedici görünürdü ki, həm Ermənistan dövlətinin idarəçiləri bunun arxasında idi, həm də erməni diasporu güclü idi. Ümumiyyətlə, erməniçilik dünyanın əlində vasitə idi. Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərindən sonra dünya erməniçiliyini gücləndirən faktorların hamısı sarsıdıcı zərbə aldı. Ermənistan silahlı qüvvələrini tam kapitulyasiyaya apararaq əllərində olanları da itirdi. Dövlət olaraq bölgənin ən zəif ölkəsinə çevrildi. Ermənistan artıq hər yerdən təcrid olub. Beynəlxalq, regional tədbirlərə buraxılmır. Azərbaycan daxilində olan separatçı qüvvələri antiterror tədbirləri nəticəsində darmadağın oldu. İndiyə qədər Ermənistan dünya qüvvələri əlində oyuncaq olduğu üçün erməni diasporu da bundan istifadə edirdi. Onlar, Ermənistana pul yığmaq adı altında pulları mənimsəyirdilər. Hərbi, siyasi məğlubiyyətdən erməni diasporu da öz zərbəsini aldı. Bu gün Ermənistan köməyə ehtiyacı olan topluma çevrilib. Ermənistan regionda müəyyən qüvvələrin əlində kimisə vurmaq üçün kart olmaq statusunu tamamilə itirdi. Bölgənin əsas dövləti sayılan, tarixən Ermənistanla yaxşı münasibəti olan, "Böyük Ermənistan" ideologiyasının ən ardıcıl ilhamverici qüvvəsi olan Rusiya artıq onlarla birlikdə deyil. Belə şəraitdə "Böyük Ermənistan" ideologiyası özünün gələcəyini tamamilə itirib. Bu gün ortalıqda olan sadəcə Fransadır. Onun da əl-ayağı regionda sıxışdırılıb. Onun bir daha Cənubi Qafqaz regionuna nə zamansa qayıda biləcəyi müzakirə mövzusu belə deyil. Bu ideologiya artıq yoxdur. Azərbaycan "Böyük Ermənistan" xəyallarını məhv etdi".