Azərbaycanın növbəti qələbəsinin təntənəsi - ÖZƏL
26 Sentyabr 2023 11:12 SiyasətArtıq bir neçə gündür ki, antiterror tədbirlərinin nəticəsi olaraq Qarabağda təslim olan qeyri-qanuni erməni hərbi birləşmələrindən silah-sursatların, hərbi texnikaların müsadirə edilməsi prosesi həyata keçirilir. Bu günə qədər külli miqdarda silah-sursat qeyri-qanuni erməni hərbi birləşmələrindən müsadirə olunub.
"OLAYLAR"-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının üzvü Tural Məmmədov deyib ki, bu Azərbaycanın Dəmir Yumruğunun nəticəsində mümkün oldu:
"Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbənin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi".
Tural Məmmədov qeyd edib ki, Azərbaycan öz coğrafiyası üçün xain əllərin cızdığı bütün məkrli planları beləcə alt-üst etdi:
"Torpaqlarına sahib çıxdı. Dağlıq Qarabağ söz birləşməsini leksikondan çıxaran cəsarət ortaya qoydu, Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidi anlayışını rəsmən zehinlərə gətirdi. Həmçinin, dəyişdirilmiş toponimlərə doğma, əsl adını geri qazandırdı və bu proses davamlı xarakter daşıyır".