Nə qədər xəritə əldə olunsa belə, minaların hamısını neytrallaşdırmaq mümkün olmayacaq - ÖZƏL
25 Sentyabr 2023 14:50 SiyasətErmənistanın mina terroru davam edir. Bu ölkənin zamanında işğal etdiyi Azəzrbaycan ərazilərində yerləşdirdiyi minalar demək olar ki, hər gün can alır. Bu gün daha 3 hərbiçimiz ermənilərin mina terrorunun qurbanı olub. Onlardan ikisi dünyasını dəyişib, biri isə yaralanıb. Bəs görəsən Ermənistandan hansı yolla mina xəritələrini almaq olar?
"OLAYLAR"-ın xəbərinə görə, politoloq Azər Qasımov hesab edir ki, Ermənistandan yeni mina xəritələrinin alınmasını gözləmək sadəlövhlük olardı:
"Əslində hesab edirəm ki, Ermənistan hakimiyyətinin dəqiq minaların xəritəsindən xəbəri yoxdur. Uzun müddətdə basdırılan minaların xəritəyə alınması erməni tərəfi üçün əhəmiyyət kəsb etmirdi. Olsa da belə, Ermənistanın belə xəritələrin dəqiq dislokasiyasını verməz".
Politoloq hesab edir ki, Azərbaycan təbii ki, bu məqsədlə müəyyən cəhdlər edə bilər:
"Bizdə olan əsirlərlə dəyişdirilə bilər, hansı ki, bunu etmişik".
Azər Qasımov deyib ki, 44 günlük müharibədən sonra basdırılan minaların xəritəsi ruslarda da ola bilər:
"Onları bu işə cəlb etmək olar. Amma çox təəssüf edirəm ki, nə qədər xəritə əldə olunsa belə, minaların hamısını neytrallaşdırmaq mümkün olmayacaq və hələ uzun müddət can almağa davam edəcək. Sadəcə maksimum dərəcədə ehtiyatlı olmaq lazımdır".