Vətən müharibəsinin müxtəlif aspektlərinin öyrənilməsi və təbliğat işi olduqca əhəmiyyətlidir
25 Sentyabr 2023 12:32 Siyasət"Azərbaycanın təcavüzkar Ermənistana qarşı Vətən müharibəsinin təbliğatı ölkədə vətənpərvərlik, vətənsevərlik, dövlətə bağlılıq hisslərinin formalaşmasında və tərbiyə olunmasında çox mühüm vasitə, üsuldur və bir təbliğat mənbəyidir".
Bu sözləri politoloq Aydın Quliyev bildirib.
"Ümumiyyətlə hər bir xalqın, hər bir dövlətin tarixindəki ədalətli müharibənin, ədalətli mübarizənin və ədalətli siyasi hərakatın təbliğ olunmasının çox böyük tərbiyəvi gücü var və özünün tarixinə, cəmiyyətinin, millətinin, xalqının tərbiyəsinə önəm verən dövlətlər bundan geniş şəkildə istifadə edirlər. Bu nöqteyi-nəzərdən Azərbaycan xalqı da Vətən müharibəsinin tarixinin öyrənilməsi və onun təbliğinin gücündən, əhəmiyyətindən istifadə etməyə, bu böyük tərbiyə və təhsil üsulunu nəzərdən kənarda qoya bilməz. Ona görə də, həm dövlət miqyasında, həm ictimai səviyyədə, həm də diaspor fəaliyyətində Vətən müharibəsinin müxtəlif aspektlərinin öyrənilməsi və təbliği işi olduqca əhəmiyyətlidir.
Bütün dünya bilir və bilməlidir ki, Azərbaycan xalqı Vətən müharibəsinə zorla cəlb olunmuşdu. Biz torpaqlarımızın azad olunması uğrunda məcburən mübarizə aparmaq zorunda buraxılmışdıq. Bu müharibənin təbii ki, Azərbaycan üçün ağır nəticələri də oldu, itkilərimiz, dağıntılarımız oldu. Amma əvəzində ölkə özünün ərazi bütövlüyünü və öz xalqının tarixi nəsillərindən miras olaraq aldığı torpaqları özünə qaytara bildi. Bu nöqteyi-nəzərdən Vətən müharibəsi həqiqətlərinin dünyada təbliğ olunması, öyrənilməsi həm ölkənin beynəlxalq imici üçün çox əhəmiyyətlidir, həm də böyüməkdə olan gənc nəslin tərbiyəsində və təlimində olduqca təsirli üsuldur.
Vətən müharibəsinin təbliği, öyrənilməsi ən müxtəlif səviyyələrdə həyata keçirilir. Müxtəlif Qeyri Hökumət Təşkilatları bu yöndə böyük və əhəmiyyətli layihələr həyata keçirirlər. Azərbaycanın həm çap mediası, həm elektron-onlayn media və həm də televiziyalar bu hadisənin təbliğ olunaraq Azərbaycan cəmiyyəti üçün bütün aspektlərdən aydınlaşdırılması naminə müxtəlif layihələr icra edirlər. Dövlət səviyyəsində ən müxtəlif tədbirlər həyata keçirilir. Müharibənin həm özünün zəfər olaraq ildönüm günündə, həm onun ayrı-ayrı simvolik əhəmiyyət daşıyan günlərində yenidən hadisələrin canlandırılması və müxtəlif tədbirlərin keçirilməsi, həm cəmiyyəti bir anlıq o günlərə qaytarır, həm də həmin günlərin də bütünlüklə Vətən prosesinin nə qədər əhəmiyyətli, önəmli olduğuna Azərbaycan cəmiyyətinin diqqətini cəlb edir.
Vətən müharibəsinin tarixinin və müxtəlif aspektlərinin öyrənilməsi, təbliğ olunması, müxtəlif səviyyələrdə həyata keçirilir. Bu işlə ictimai səviyyədə ictimaiyyət nümayəndələri də məşğul olur. QHT-lər müxtəlif əhəmiyyətli layihələr həyata keçirir. Azərbaycan mediası, istər çap media, istər onlayn media bu işlə mütəmadi və gündəlik rejimdə məşğul olur. Həm Vətən müharibəsinin tarixinin saxtalaşdırılması, həm də mövcud faktların və bilgilərin əhəmiyyətinin azaldılmasına qarşı əsl həqiqi platforma ortaya qoymaqla o günlərin dəyərini bir daha özünə qaytarır. Eyni zamanda, həm də dövlət səviyyəsində müxtəlif dövlət təşkilatlarında əhəmiyyətli tədbirlər həyata keçirir. Çox yaxşı bir haldır ki, son vaxtlar bizim Vətən müharibəsinin tarixi ilə bağlı müəyyən təbliğati maarifçilik işləri hətta xarici ölkələrin miqyasında rast gəlinir. Bizim Azərbaycan diasporu bununla bağlı müəyyən tədbirlər həyata keçirir. Daha sonra, QHT xətti ilə bu yöndə tədbirlər həyata keçirilir. Eyni zamanda, Azərbaycan mediasının müxtəlif mənsublarının bu yöndə xarici mediada fikirləri çap olunur, yayılır. Eyni zamanda, dünya mediasında bu hadisələr ilə bağlı hərdən qərəzli mövqelər olsa da, amma ümumən normal və proqressiv mövqelərdən Vətən müharibəmizin tarixinə yanaşmaların şahidi oluruq. Bunlar öz növbəsində xaricdə ictimai və dünya fikrinin həm dəyişməsində, Azərbaycana faydalı istiqamətə yönəlməsində öz təsirini göstərir, həm Azərbaycan cəmiyyətinin, Azərbaycan insanlarının həm ölkənin daxilində, həm də diasporun tərkibində formalaşmasına, tərbiyə olunmasına öz təsirini göstərir.
Vətən müharibəsinin tarixinin təbliği və öyrənilməsi 2 nöqteyi-nəzərdən də təqdirəlayiqdir. Birincisi, biz bu yolla onun tarixinin saxtalaşdırılması cəhdlərinin qarşısını kəsməyə çalışırıq. Çünki dəfələrlə olub ki, Vətən müharibəsinin ayrı-ayrı döyüşlərinin əhəmiyyətini azaltmaq cəhdləri olub. Hətta Şuşanın şərəfli Azərbaycan ordusunun qəhrəmancasına apardığı müharibə nəticəsində yox, guya hansısa siyasi oyunların nəticəsində azad edilməsi ilə bağlı fikirlərinə beynəlxalq media səhifələrində rast gəlirik.
Bu şəraitdə əsl həqiqətin öyrənilməsi və təbliğ olunması, təbii ki, belə yanlış və saxta fikirlərin ifşa olunmasında əhəmiyyətlidir. Eyni zamanda, birinci müharibənin tarixinin saxtalaşdırılması cəhdlərinin aradan qaldırılması istiqaməti çox əhəmiyyətlidir, ikinci isə müharibə ilə bağlı həqiqətlərin daim ictimai və dünya fikrinin mərkəzində saxlanılması əhəmiyyətli rolunu oynayır. Böyüməkdə olan gənc nəsil, şagirdlər, tələbələr ümumən gənclər, Vətən müharibəsinin əsasən Azərbaycan gəncliyinin fiziki və intellektual imkanları hesabına qazanıldığını bilməli və unutmamalıdırlar. Çünki bu müharibənin ərazidə bütün ağırlığı məhz gənc nəslin, Ermənistanın ağır işğalı dövründə Azərbaycanda yetişmiş nəslin çiyinlərinə düşdüyünü hər kəs bilir, bilməlidir və unutmamalıdır.
Doğrudur, müharibənin ümumi qələbə sonluğuna qədər təşkilatçılığını ölkənin prezidenti ali baş komandan həyata keçirdi, amma döyüş meydanında bizim birbaşa qələbəmizin icra prosesi büsbütün gəncliyin əlində, çiyinlərində idi. Ona görə də, bu müharibənin, bu qələbənin gənc nəslin hesabına əldə olunduğu bizim böyüməkdə olan nəsillərimizin daim diqqət mərkəzində olmalıdır və bu onlar üçün bir tərbiyə nümunəsidir. Ona görə də, Vətən müharibəsinin tarixinin öyrənilməsinə bir dəfə başlayıb bitən bir proses kimi baxmaq düz deyil. Vətən müharibəsinin tarixi hər gün, hər dəqiqə öyrənməliyik, öyrətməliyik və bununla bağlı həqiqi bilgilər platformasının cəmiyyət üçün bir tərbiyə və formalaşma mənbəyinə çevrilməsini heç vaxt unutmamalıyıq".
Siyasi şərhçi Azər Həsrətin sözlərinə görəŞ Azərbaycan xalqının bütövlükdə dövlət və xalq olaraq 44 günə əldə etdiyi o möhtəşəm zəfər dövlət tərəfindən uyğun şəkildə hər zaman diqqət mərkəzində tutulur:
"Bu da səbəbsiz deyil, çünki bu elə bir hadisədir ki, bizim milli, çağdaş tariximizdə onun əlbəttə ki, hələ də təhlil edilməsi, ayrıntıları ilə geniş auditoriyaya çatdırılması vacib məsələdir. Yəni elə şeylər var ki, biz onları o müharibə günlərində də görməmişik, ona qədər də görməmişik, ondan sonra da cəmiyyət olaraq görməmişik. Təbiidir ki, dövlətin bildiyi hər şeyi biz bilmirik. Elə şeylər var ki, onlar haqqında müharibəyə qədər danışılmayıb, danışıla da bilməzdi. Yəni, bu baxımdan dövlət uyğun bir şəkildə 44 günlük savaşda əldə etdiyimiz o möhtəşəm qələbənin geniş auditoriyalara çatdırılması üçün mümkün olanları edir. Digər tərəfdən, əlbəttə ki, ictimai-siyasi müstəvidə bununla bağlı müzakirələr, tanıtmalar aparılır. Digər tərəfdən, özəlliklə də o müharibəyə həsr edilmiş, müharibənin qəhrəmanlarına həsr edilmiş sənədli filmlərin çəkilib, geniş şəkildə yayılması təmin edilir. Məsələn, İctimai TV-də və ya AzTV-də, Xəzər TV-də filmlər yayımlanır və mən şəxsən özüm də o filmlərə baxıram. Bəzən elə şeylər olur ki həmin filmlərdə biz məsələn onu 44 günlük müharibədə heç görməmişik, hiss etməmişik. Yəni, bu baxımdan tanıtmalar aparılır. Eyni zamanda, tamaşaların qoyulması, filmlərin çəkilməsi istiqamətində təşəbbüslər var. Bədii əsərlərin yazılması, istər nəsr, istər nəzm olsun, bütün istiqamətlərdə işlər aparılır. Üstəlik də Azərbaycandan kənarda istər diaspor içində, istərsə də ümumiyyətlə dünyada bu 44 günlük savaşdakı möhtəşəm zəfərimizlə bağlı tanıtma işləri aparılır. Bütün bunlar da işin bir tərəfidir. Digər tərəfdən də dövlət zəfəri bizə yaşadan əziz şəhidlərimizin, ailə üzvlərinə, yaxınlarına diqqət və qayğı ilə yanaşır. Digər tərəfdən, qazilərimiz, müharibə iştirakçıları ilə bağlı geniş dövlət proqramları icra edilir. Bunun ətrafında da müəyyən tanıtma işləri aparılır. Üstəlik də cənab prezidentin özü, müzəffər Ali Baş Komandanı İlham Əliyev bütün çıxışlarında məhz 44 günlük savaşı bizə qələbə ilə bəxş edənləri yad edir, onlar haqqında xoş sözlər deyir. Onların qəhrəmanlıqları ilə bağlı fikirlərini paylaşır. Yəni, Azərbaycan dövləti o müharibə günlərinin və müharibənin nəticələrinin tanıdılması ilə bağlı mümkün olan hər şeyi edir. Əlbəttə ki, kimsə çıxıb deyə bilər ki, bu yetərli deyil. Bəli, mümkündür. Amma biz nəzərə alaq ki, həmin müharibədən cəmi 3 ilə yaxın vaxt keçib, təbiidir ki, irəlidəki illərdə yeni-yeni tanıtma işləri də ortaya çıxacaq. Bunlar bədii ədəbiyyat, bədii filmlər, böyük simpoziumlar, beynəlxalq forumlar şəklində olacaq. Yəni, hər gələn il bu yöndə yeni-yeni işlər görüləcək.
Ümumilikdə mən düşünürəm ki, dövlətimiz kifayət qədər səy göstərir ki, 44 günlük savaşla bağlı cəmiyyətimiz daim bilgiləndirilsin, o savaşda qələbənin necə əldə edilməsi ilə bağlı insanlarımıza ən xırda ayrıntılar da izah edilsin".
RÖYALƏ XƏYAL