76 rayon prokurorluğunda Qərbi Azərbaycanla bağlı istintaq hərəkətləri aparılır
25 Sentyabr 2023 12:10 Siyasət"Qərbi Azərbaycan ərazisində qətlə yetirilən 216 şəxsdən 30 nəfər şəxsin yaxın qohumları, habelə hadisənin şahidləri müəyyən edilərək dindirilib. İşin böyüklüyü nəzərə alınmaqla 76 rayon prokurorluqlarına ayrı-ayrı istintaq hərəkətlərinin icra edilməsi məqsədilə müvafiq tapşırıqlar göndərilib və hal hazırda bu tapşırıqları icra edilməkdədir". "Olaylar" xəbər verir ki, bunu Parlamentdə keçirilən "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmədə çıxışı zamanı Baş Prokurorun müavini Elmar Camalov deyib. Onun sözlərinə görə, müxtəlif rayonlarda məskunlaşmaqla yaşayan Qərbi Azərbaycandan didərgin düşmüş şəxslərin müəyyən edilərək dindirilmələri ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir: "Eyni zamanda, arxiv sənədlərinin aşkar edilərək götürülməsi və digər üsullarla bağlı Türkiyə Respublikasına hüquqi yardım göstərilməsi ilə bağlı müvafiq vəsatət göndərilib. İstintaq zamanı 1987-1991-ci il tarixlərində baş vermiş kütləvi deportasiya və soyqırımı zamanı ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisində qətlə yetirilən 216 şəxsdən 30 nəfər şəxsin yaxın qohumları, habelə hadisənin şahidləri müəyyən edilərək dindirilib. Zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınmışdır. Eyni zamanda 15 nəfər şəxsin isə Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən deportasiyaya məruz qalarkən, erməni əsilli şəxslər tərəfindən müxtəlif predmetlərlə döyülərək xəsarət almaları müəyyən edilmiş həmin şəxslər və onların qohumları müəyyən edilərək zərərçəkmiş şəxs və ya zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilib".