Antiterror tədbirləri zərurətdən doğan bir addım idi - ÖZƏL
25 Sentyabr 2023 11:24 Siyasət"Azərbaycanın son üç il ərzində Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara etdiyi çoxsaylı müraciətlərə baxmayaraq, qarşı tərəf nəinki bu öhdəliyinə əməl etməyib, əksinə, ölkəmizə qarşı silahlı təxribatlarının intensivliyini bir qədər də artırıb". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, Azərbaycanın cari ilin 19-20 sentyabr tarixlərində uğurla həyata keçirdiyi antiterror tədbirləri zərurətdən doğan bir addım idi və Ermənistan ölkəmizə qarşı terror siyasətindən əl çəkməyəcəyi təqdirdə belə bir aqibətlə qarşılaşacağı barədə dəfələrlə xəbərdarlıq almışdı: "Buna baxmayaraq, Vətən müharibəsinin Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından sonra keçən üç il ərzində ölkəmiz mütəmadi olaraq ermənilərin müxtəlif diversiyalarına, mina terroruna məruz qoyulurdu. Bu günə qədər Ermənistanın təxribatları nəticəsində 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur. Sonuncu dəfə, sentyabrın 19-da erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla 6 Azərbaycan vətəndaşı həlak olmuşdur. Buna görə də elə həmin gün cənab Ali Baş Komandanın əmri ilə Azərbaycan lokal xarakterli antiterror tədbirlərinə başladı, qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi və düşmən layiqincə cəzalandırıldı. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdilər ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq".