Fransa, Almaniya və Aİ-nin Azərbaycana olan qərəzli mövqeyinin səbəbi nədir? - ÖZƏL

"Azərbaycanın öz ərazisində apardığı antiterror tədbirləri ilə bağlı Ermənistanın və Fransanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaları onların beynəlxalq hüququn norma və prinsiplərinə, ilk növbədə isə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və daxili işlərinə qarışmama prinsiplərinə zidd idi".

Bu fikirləri "OLAYLAR"-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, iclasda ayrı-ayrı dövlətlərin Azərbaycan əleyhinə olan çıxışları isə beynəlxalq hüquqa zidd olmaqla yanaşı, həm də onların prosseslərə ikili standartlarla yanaşmasının göstəricisidir:

"Fransanın mövqeyi məlumdur və bu mövqenin əlavə izaha ehtiyacı da yoxdur. Bu ölkə uzun illər ərzində separatçılara bütün platformalarda dəstək verməklə, onlar vasitəsilə Cənubi Qafqaza giriş imkanı əldə etməyə çalışıb. 44 günlük müharibədən sonra müxtəlif bəhanələrlə mülki müşahidə missiyası altında Ermənistan ərazisinə daxil olan Avropa İttifaqı müşahidə missiyasının tərkibinə baxsaq onların əksəriyyətinin fransız və almanlardan ibarət olduğunu görərik. İstəkləri "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi üçün beynəlxaq zəmanət" bəhanəsi ilə həm də Azərbaycan ərazisinə, yəni konkret Xankəndi və ətraf ərazilərə yerləşməkdən ibarət idi. Cənubi Qafqazda öz maraqlarını təmin etmək və regionda təsir imkanları əldə etmək üçün ermənilərdən maksimum faydalanmaq istəyən bu qüvvələr təbii olaraq Azərbaycanın uğurlarını həzm edə bilmirlər. Çünki Azərbaycanın öz problemlərini həll etməsi onların planlarını alt-üst edir. O baxımdan da Fransa təmsilçisinin, Almaniya xarici işlər naziri və Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinin Azərbaycana qarşı qərəzli çıxışının arxasında məhz bu amil dayanır".

Yusif Bağırzadə deyib ki, Almaniya təmsilçisinin çıxışı isə ümumiyyətlə biabırçılıq idi:

"Çıxışçıların əksəriyyətinin əldə olunmuş atəşkəsi alqışladığı bir vaxtda Almaniya nümayəndəsinin prosseslərdən xəbərsiz şəkildə əməliyyatın dayandırılması və dərhal atəşkəs olması ilə bağlı çağırış etməsi onu sübut edir ki, Almaniyanın xanım təmsilçisinin üzündən oxuduğu çıxış əvvəldən yazılmışdır və bu da azmış kimi o, özündən əvvəlki çıxışları belə dinləmirmiş. Çünki dinləsəydi ən azından əməliyyatın artıq dayandırıldığını və hətta Qarabağın erməni təmsilçiləri ilə görüşün belə keçirildiyindən xəbəri olardı.

Ermənistanın Qarabağda saxladığı qanunsuz silahlı birləşmələrın çıxarılmasının vacibliyi və azərbaycanlılara qarşı törətdiyi mina terroru ilə bağlı heç nə deməyən   Aİ, Almaniya və Fransa təmsilçiləri arqument belə ortaya qoymadan Ermənistanı müdafiə etməyə çalışırdılar ki, bu da ikiüzlük və siyasi riyakarlıqdan başqa bir şey deyil". 

Yusif Bağırzadə deyib ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin Azərbaycana qarşı ikili yanaşması, açıq qərəzli və ölkəmizə qarşı Aİ ölkələri adından bəyanat qəbul olunmasına cəhd etməsi isə ümumiyyətlə qəbulolunmazdır və qəti şəkildə pislənilməlidir:

"İkinci bir tərəfdən Ermənistanın baş nazirinin sözügedən antiterror tədbirlərinin Qarabağda yaşayan ermənilərin həyatı üçün təhlükə törətmədiyini və mülki əhali arasında kütləvi tələfat barədə iddiaların əsassız olduğunu bildirməsi fonunda ayrı-ayrı ölkələrin bu cür mövqe sərgiləməsi bu qüvvələrin bir tərəfdən regionda davamlı sülhün bərqərar olması perspektivinin yaxınlaşmasından narahat olduqlarını, digər tərəfdən isə onların Azərbaycana və azərbaycanlılara qarşı dini və etnik nifrət əsasında ayrı-seçkiliklərini göstərir.

Əsas odur ki, TŞ-də ölkəmiz əleyhinə hər hansı bir sənəd qəbul olunmadı. Əksinə, BMT TŞ-nin bütün üzvləri və dəvət edilən ölkələr yenə də birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etdilər. Bundan başqa, BMT TŞ-nin bir sıra üzvləri Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya olunması prosesini dəstəkləyən bəyanatla çıxış etdilər. Başqa sözlə desək dünənki iclas separatizmə yer olmadığını nümayiş etdirdi və Azərbaycanın lehinə başa çatdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31