Kimsə bizə bunu qadağan edə bilməz - ÖZƏL
22 Sentyabr 2023 12:59 Siyasət"Azərbaycan suveren ərazilərini qorumaq, vətəndaşlarını təhlükəsizliyini təmin etmək, öz ərazilərində separatçı, terrorçu təşkilatların ləğv edilməsi üçün yeri gələndə lokal tədbirlər görmək hüququnu özündə saxlayır. Kimsə bizə bunu qadağan edə bilməz".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri YAP üzvü Rüfət Əhmədov səsləndirib. O bildirib ki, 44 günlük müharibədən ötən 3 il ərzində dövlətimiz Qarabağdakı separatçı ünsürlərə şans verdi:
"Rusiya sülhməramlıları da Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə reinteqrasiyasını həyata keçirməklə bağlı vəzifələndirilmişdi. Əvəzində isə Qarabağda yaşayan ermənilər həm sülhməramlılara, həm müxtəlif ad altında Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən Ermənistan ordusunun tör-töküntülərinə, xarici havadarlarına arxalanıb Azərbaycanın konstitusion hüquqlarına qarşı çıxır, Ermənistandan silah-sursat daşıyır, yeni müharibəyə hazırlaşırdılar. Görünür, 44 günlük müharibədə aldıqları ağır zərbə onlara bəs etmədi. Azərbaycan ərazilərində yeni mövqelər, səngərlər, mühəndis-istehkam qurğuları hazırlamaq, qanunsuz silahlı birləşmələri texniki avadanlıqla təmin etmək və qanuni hakimiyyətə qarşı terror fəaliyyəti aparmaq, mülki vətəndaşlarımızın həyatına təhlükə yaratmaq kimi hallar Azərbaycanın lokal xarakterli antiterror tədbirləri keçirməsini labüd etdi".