"Azərbaycan sübut etdi ki, regional təhlükəsizlikdə aparıcı dövlətdir" - ÖZƏL
21 Sentyabr 2023 16:14 Siyasət"Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri bir çox səbəbə görə əhəmiyyətlidir. Öncə ərazi bütövlüyünün bərpası, ikincisi, suveren hüquqların reallaşması, üçüncüsü, erməni cəmiyyətinin Azərbaycana inteqrasiyası, dördüncüsü, erməni separatçıların tərksilah olması, beşincisi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, altıncısı, Xankəndidə Azərbaycan bayrağının asılacağı, yeddincisi, Azərbaycanın öz vətəndaşlarının hüququnun tənzimləməsidir".
Bu sözləri Olaylar-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib:
"Bu tədbirlər sübut etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü qorumağa qadirdir. Azərbaycan ərazisində ikinci erməni dövləti yaranmayacaq. Azərbaycan ərazisində heç bir qondarma qurum, struktur olmayacaq. Azərbaycan sübut etdi ki, regional təhlükəsizlikdə aparıcı dövlətdir. Regionda baş tutacaq heç bir layihə Azərbaycanın iştirakı olmadan mümkün ola bilməz. Bu tədbirlər onu da göstərdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, sülh prosesinin sürətlənməsi, Qarabağda erməni separatizminə son qoyulmağa başlanır. Bundan sonrakı mərhələlər də məlumdur. Sərhədlərin müəyyənləşməsi ardında sülh müqaviləsinin imzalanması mühüm şərtdir. Tədbirlər Zəngəzur dəhlizi kimi məsələlərə də yol açır.
Azərbaycan göstərdi ki, Ermənistana havadarlıq etmək boşdur. İki ölkə arasında olan problemlər öz aralarında, vasitəçi olmadan həll oluna bilər".