Ermənistan Rusiyadan uzaqlaşıb Qərbə doğru getmək istəyir - ÖZƏL

"Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə getmək cəhdini bu siyasətin ermənisayağı başa düşülməsi kimi qəbul etmək olar". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, erməni rəhbərliyi və toplumunun bir hissəsi belə hesab edir ki, onlar Rusiyanın təsir dairəsindən çıxıb Qərbin təsir dairəsinə girəndə onların problemləri həll ediləcək:

"Ermənistan bir gerçəyi anlamır ki, məşhur deyimdə deyildiyi kimi "Coğrafiya talehdir". Hər bir ölkənin taleyi onun yerləşdiyi coğrafiyadan asılıdır. Rusiya XİN Lavrovun bir sözünü də xatırlatmaq yerinə düşər ki, müqayisəli analiz tam alınsın. Lavrov: "Hər bir ölkə ənənəvi qonşularından əlavə bir də Amerika ilə qonşudur." Ermənistan misalında bu deyimlərdən yola çıxaraq analiz etsək, görünən odur ki, erməni toplumu coğrafiyanı qoyub, uzaqdan görünən və ya iyi gələn "yaxşı həyatın" arxasınca getmək istəyir, amma bunun üçün regionda Rusiya dövlətinin hələ də mövcud olan imperiya maraqlı şovinist siyasətinin olduğunu nəzərə almır, xüsusən də, Ermənistanın Rusiyadan asılılığının dövlət quruluşu səviyyəsində olduğu bir halda". Politoloq deyib ki, Ermənistanın bütün açar infrastruktur obyektləri, dəmir yolları, enerji sistemləri, sərhəd və gömrük sistemlərinə nəzarət kimi dövlət əhəmiyyətli can damarları Rusiyanın əlindədir:

"Bura Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasını da əlavə etsək, mənzərə tam aydın olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31