"Bu antiterror tədbiri bizim tam müstəqilliyimiz demək idi" - ÖZƏL
21 Sentyabr 2023 15:33 Siyasət"Azərbaycan ordusu yeni bir tarix yazdı. 2016-cı ildə 4 gün, 2020-ci ildə 44 gün, 2023-cü ildə 24 saatdan da az bir vaxtda...
Rəmzi, ecaskar rəqəmlər...
Azərbaycan buna uzun müddət idi ki, hazırlaşırdı. Ali Baş Komandan bildirirdi ki, lazım gələn vaxt qərar veriləcək. Qərar verildi. Artıq, erməni separatçıları nəinki məğlubiyyətlərini etiraf etdilər, hətta məhv oldular. 195 ildir ki, onlar Azərbaycanın başına hər cür bəla gətiriblər. Ayaqları bizim torpaqlara dəyən gündən rusların, farsların əli ilə Azərbaycana qarşı hər cür təxribat törədiblər".
Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib:
"Dəfələrlə müxtəlif bölgələrimizdə soyqırımlara məruz qalmışıq. Antiterror tədbirlərinin böyük siyasi əhəmiyyəti var. Azərbaycan bir daha dünyada öz qələbəsini təsdiqlədi, xalqın iradəsini ortaya qoydu, ordumuzun peşəkarlığının nə qədər yüksək olduğunu göstərdi. Dinc əhaliyə dəymədən, düşmənləri məhv etmək yeni hərbi taktikadır. Azərbaycan bunu da sınaqdan keçirdi. Azərbaycan öz tarixi torpaqlarında uzun müddətdən sonra öz bayrağının dalğalanmasına nail olacaq. Ölkədə separatizmə son qoyuldu. Proseslərin ən böyük əhəmiyyəti də bu idi. Çünki, ölkədə başqa qüvvələr də belə fikirlərə düşmüşdülər. Azərbaycanı qarışdırmaq istəyirdilər. Bu, onlara da son nöqtəni qoydu. Kifayət qədər böyük əhəmiyyəti olan qələbə əldə etdik. Azərbaycanın əleyhinə işləyən siyasi partiyalar, onların əlaltıları, Paşinyanın qohumlarına da dərs olsun. Onlar gördü ki, xalq bir yerdə olanda çox güclü olur. AXCP, Müsavat və Real üçlüyü real olmayan addımlar atdılar. Allah bütün şəhidlərə rəhmət etsin, qazilərə şəfa versin. Əminəm ki, Prezident yenə də şəhid ailələrinin qayğısına qalacaq, qazilərlə maraqlanacaq. İndi sevinərəm ki, Azərbaycam tam müstəqilliyinə qovuşur. Bu antiterror tədbiri bizim tam müstəqilliyimiz demək idi".