Vətənpərvərliyin təbliğində vətəndaş cəmiyyəti şəbəkələrinin potensialından məqsədyönlü istifadə olunub
22 Sentyabr 2023 11:12 SiyasətDövlətə, xalqa bağlı, vətənpərvər gənclərin yetişdirilməsi hər zaman prioritet olan məsələlərdəndir. Bir qayda olaraq bu siyasət dövlətlərdə əsas ana xətt hesab olunur və bunun üçün gənclərlə iş aparmaq üçün xüsusi bir strategiya həyata keçirilir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda da vətənpərvər, dövlətinə, vətəninə, xalqına bağlı olan gənclərin yetişdirilməsi dövlət gənclər siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Məhz qeyd edilən müsbət tendensiyanın məntiqi nəticəsidir ki, tarixə möhtəşəm zəfərimiz kimi düşən İkinci Qarabağ müharibəsində gənclərimiz yüksək vətənpərvərlik nümayiş etdirib torpaqlarımızı erməni işğalından azad etdilər.
Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi yüksək peşəkarlığı, vətənpərvərliyi bu gün də dillər əzbəridir, qürur, fəxr mənbəyidir. Aradan on, əlli, yüz illər keçsə belə gənclərimizin 44 günlük Vətən müharibəsində nümayiş etdirdikləri vətənpərvərlikdən danışılacaq, onlar barəsində kitablar yazılacaq, mahnılar qoşulacaq. Elə ictimai fəal Anar Salehoğlu da bu qənaətdədir. Onun sözlərinə görə, ən müasir tariximizin şanlı səhifələrindən biri olan, 200 illik torpaqlarımızın işğalı tendensiyasını kökündən dəyişən, erməni işğalına son qoyan 44 günlük Vətən müharibəsi doğma Azərbaycanımızın gələcəyinə daim işıq saçacaq, milli ruhlu, vətənpərvər gəncliyin yetişdirilməsində mühüm rol oynayan əsas tarixi vasitələrdən biri olacaq.
Anar Salehoğlu deyib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın həmrəyliyindən, ölkə başçısının sarsılmaz iradəsindən güc alan rəşadətli ordumuzun II Qarabağ müharibəsində əldə etdiyi Zəfər milyonlarla insanın vətən, torpaq, yurd həsrətinə son qoydu. İgid, qəhrəman oğulların canı, qanı hesabına qazanılan qələbə bütün dünyada Azərbaycanın mövqeyini möhkəmlətdi, gücümüzün, qüdrətimizin sərhədsiz olduğunu nümayiş etdirdi:
"2020-ci ildə imzalanan üçtərəfli bəyanatın müddəalarına əməl etməkdən boyun qaçıran, öz mifik ordusunun tör-töküntülərini Qarabağda saxlamaqla qondarma, separatçı rejimin varlığını qorunmağa çalışan Ermənistan 24 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra 44 günlük Vətən müharibəsində olduğu kimi öz acizliyini bu dəfə də ortaya qoydu. Separatçı rejim Azərbaycan Ordusunun qarşısında diz çökdü və ağ bayraq qaldırdı. Son olaraq bizim şərtlərimizi qəbul edərək Yevlaxda reinteqrasiya məsələrinin müzakirəsinə razılıq vermək məcburiyyətində qaldı".
Anar Salehoğlu qeyd edib ki, bütün olanlar minilliklərə söykənən zəngin tariximizin gələcək nəsillərə çatdırılması vacib olan mərhələlərini təşkil edir:
"2020-ci ildən bu günə qədər Vətən müharibəsinin və vətənpərvərliyin təbliği sahəsində, o, cümlədən ondan əvvəlki dövrdə ölkəmizdə xeyli işlər görülüb. Dövlət səviyyəsində müxtəlif addımlar atılıb. Xüsusilə gənclərin milli ruhda, vətənpərvər düşüncədə və sağlam əqidədə yetişdirilməsi istiqamətində ictimaiyyətin, həmçinin vətəndaş cəmiyyəti şəbəkələrinin potensialından məqsədyönlü istifadə olunub. Zaman-zaman mətbuatda ideoloji xarakterli, özündə mühüm təsiredici məqamları cəmləşdirən yazılar, məqalələr və şərhlər dərc edildikcə oxucuların düşüncələrinə nüfuz edilmiş və onların dövlətimizin milli maraqlarının qorunub saxlanması istiqamətindəki mövqeləri sağlamlaşdırılmışdır. Keçən dövr ərzində vətəndaş cəmiyyəti institutlarının reallaşdırdıqları ictimai, sosial, siyasi, mədəni və tarixi məzmunlu tədbirlər, toplantılar və görüşlər də bəhs etdiyimiz prosesə öz töhfəsini vermişdir".
Anar Salehoğlu hesab edir ki, davamlı olaraq görülən işlərin keyfiyyətinin yüksəldilməsi şərtilə bu istiqamətdə intensivlik artırılmalıdır:
"Azərbaycanın sonrakı taleyini gələcək nəsillər həll edəcək. Bu gün biz öz ölkəmizə, tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə, dövlətçilik ənənələrimizə, vətənimizə, ən əsası isə öz taleyimizə sahib çıxdığımız kimi bizdən sonrakı nəsillər də bu irsi davam etdirməli, müqəddəs missiyanı bütöv şəkildə əsrlər boyu yaşamalıdırlar!".
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Azərbaycanın Bütövlüyü Uğrunda" ictimai birliyi tərəfindən icra olunan "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" adlı layihə çərçivəsində çap olunur.