"Antiterror tədbirləri Azərbaycan-Ermənistan arasında sülh proseslərinin sürətlənməsinə təsirini göstərəcək"- ÖZƏL
21 Sentyabr 2023 14:14 Siyasət"Antiterror tədbirləri son üç illik tariximizin ən önəmli hadisələrindən biri kimi əbədiləşəcək. Sentyabr ayının 20-i bizim tariximizdə çox məzmunlu və simvollaşmış günlərdən biri olacaq. Noyabrın 8-də Şuşanın azad olunması, aprelin 23-də Laçın keçid məntəqəsinin qurulması necə rəmzi məna daşıdısa, eynilə, 20 sentyabr günü də bizim tariximizin əzəmətli rəmzlərindən birinə çevriləcək. Vətən müharibəsi bölgəmizdə başqa cür reallıqlar yaratmışdı. Yaratdığı bəlli reallıqlara görə də qiymətlidir. Bu ay cəmi 2 gün ərzində keçirilən antiterror tədbirləri isə bölgədə yaratdığı reallığa görə başqa cür dəyərə və məzmuna malikdir".
Bu sözləri Olaylar-a politoloq Aydın Quliyev deyib:
"Əgər Vətən müharibəsindən sonra bölgəmizdə işğal amilinə birdəfəlik son qoyulması, Azərbaycan-Ermənistan münasibətlərinin yeni başlanğıcı qoyulması, çox böyük əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılması perspektivinin ortaya gəlməsi, İranla 30 il müddətində Azərbaycanın müstəqillik dövründə sahib olmadığı 130 kilometrlik sərhədin bərpa olunması həmin dövrün reallığı idi. Ancaq, 19-20 sentyabrda antiterror tədbirlərinin yaratdığı reallıqlar başqadır.
Əsas reallıq ölkəmizdə "boz zona"nın tamamilə məhv edilməsi, minlərlə qanunsuz silahlı dəstələrin tərksilah edilməsi, ölkəmizdə otuz ildən artıq mövcud olan xunta rejiminin məhv edilməsi, danışıqlara gəlməsi, Xankəndi rejimi ilə bağlı Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinə Ermənistanın müdaxilə etməyəcəyi ilə bağlı bəyənatı, İranın Qarabağ erməniləri ilə bağlı mövqeyinin büsbütün dəyişməsi və bölgəmizdə 3+3 kimi reallıqların yaranmasıdır. Eyni zamanda bu antiterror tədbirləri Azərbaycan-Ermənistan arasında sülh proseslərinin sürətlənməsinə də təsirini göstərəcək. Eləcə də dövlətlərarası sərhədlərin müəyyən edilməsi ilə bağlı çoxdan həll olunmalı prosesi yerindən tərpədəcək. Ona görə ki, antiterror tədbirlərini uğurla başa çatması Cənubi Qafqazın tarixində yeni mərhələnin başlanğıcını qoydu. Mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycanın haqlı və güclü dövlət olduğu sübut olundu. İran özünün bəzi regional və siyasi təmayüllərini dəyişmək zorundadır. Ermənistan regional qonşulara münasibətini dəyişməyin zəruri olduğunu anladı. Bütün bunlar Cənubi Qafqazı son iki yüz il ərzində həmişə sarsıntı keçirən bir bölgədən yeni məzmunlu, sülh və təhlükəsizlik bölgəsinə çevirməyin başlanğıcını qoydu. Bunun memarı Azərbaycandır. Azərbaycan-Türkiyə tandemidir. Yəqin ki, Cənubi Qafqazdan antiterror tədbirləri ilə əlaqədar başlayan yeni mərhələnin əlamətlərini biz tezliklə praktikada görəcəyik. Ən mühüm yeniliklərdən biri Qarabağdakı sadə ermənilərin Azərbaycanla eyni toplumda yaşamağın zəruriliyini qəbul edən, indiyə qədər separatçıların əlində girov saxlanan sadə ermənilərin onlardan xilas olmasıdır. Gedişat göstərir ki, indiyə qədər Xankəndidə girov saxlanan sadə ermənilər yeni reallıqları dərk etməyə başlayıblar. Qarabağdakı separatçılar bir sinif kimi yox olur. Qanunsuz silahlı dəstələr ləğv edilir. 20 sentyabr Azərbaycanın suverenliyinin tam mənada bərpa olunduğu gündür. Ermənilər özgələrinin çaldığı havaya otuz il oynaya-oynaya nə qədər ağır vəziyyətə gəldiklərini anlayırlar. Onlar Ermənistanın dövlət müstəqilliyini qeyd etməyə hazırlaşdıqları bir vaxtda əlləri ətəklərindən uzun vəziyyətdə Yevlaxa bağışlanmaq üçün gəlirlər. Bu, onlara böyük dərs olmalıdır".