Qürbətdə yaşamaq Vətənsiz Vətən olmaq deməkdir
22 Sentyabr 2023 11:58 SiyasətKönül Abbasova: "Tariximizi, mədəniyyətimizi, mətbəximizi təbliğ etməklə Vətən qarşısında borcumuzu yerinə yetirməyə çalışırıq"
Azərbaycan həqiqətləri, tarixən xalqımızın başına gətirilən müsibətlərin, eləcə də mədəniyyətimizin dünyaya çatdırılması prosesində ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının xüsusi əməyi, rolu vardır. Qeyd edilən məqsəd və vəzifələrin həyata keçirilməsində Rusiyanın müxtəlif subyektlərində fəaliyyət göstərən təşkilat və cəmiyyətlərin də rolu əvəzsizdir. Belə təşkilatlardan biri də Sankt-Peterburdakı Milli Mədəni Muxtariyyatıdır. Sözügedən təşkilatın sədr müavini Könül Abbasovanın Vətəndə olmasından istifadə edərək təmsil etdiyi qurumun fəaliyyəti, indiyə qədər gördüyü işlər və həyata keçirdiyi layihələr barədə söhbətləşdik.
-Könül xanım, Sankt-Peterburdakı Milli Mədəni Muxtariyyatı nə zamandan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?
-Sankt-Peterburdakı Milli Mədəni Muxtariyyatı 2016-cı ildən fəaliyyət göstərir. 2019-cu ildən etibarən isə mən sözügedən təşkilatda sədr müaviniyəm. Sankt-Peterburdakı Milli Mədəni Muxtariyyatının fəaliyyəti Azərbaycan mədəniyyəti, tarixi, ənənələri dünyaya, xüsusilə də fəaliyyət göstərdiyi Rusiya Federasiyasında, Sankt-Peterburqda yaşayan başqa xalqların nümayəndələrinə çatdırmaq və təbliğ etməkdir.
-Azərbaycan mədəniyyətinin təbliği məqsədilə indiyə kimi xüsusilə olaraq nə kimi layihələr, tədbirlər həyata keçirmisiniz?
-Məlumat üçün qeyd edim ki, Sankt-Peterburdakı Milli Mədəni Muxtariyyatı Naib Paşayevin rəhbərliyi altında indiyə qədər Azərbaycan mədəniyyətinin təbliği istiqamətində bir sıra tədbirlər, layihələr həyata keçirilib.
Məlumat üçün qeyd edim ki, Naib Paşayev çox vətənpərvər bor insandır. O Rusiya-Ukrayna müharibəsi bölgəsində yaşayan çoxlu sayda azərbaycanlı ailənin təhlükəsiz şəkildə təxliyə olunmasında yaxından iştirak edib. Onlara hərtərəfli dəstək göstərilməsi, həmin şəxslərin Azərbaycana gətirilməsində Naib Paşayevin çox böyük əməyi var. Naib Paşayev sözün əsl mənasında vətənpərvər bir insandır və mənim fəaliyyətimə yaxından dəstək verən şəxslərdən biri məhz Naib Paşayev olub. Mənim ən böyük dəstəkçilərimdən biri də Smolnı Universitetinin rektoru Heydər İmanovdur. Heydər İmanov Sankt-Peterburq azərbaycanlılarının, ziyalıların çox böyük hörmət, səcdə etdiyi şəxsdir.
Mən özüm də təşkilatda sədr müavini kimi fəaliyyətə başladıqdan sonra qeyd edilən istiqamətlərdə müxtəlif tədbirlər, layihələr keçirmişik. Belə tədbirlərdən biri dahi şairimiz Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir idi. Həmçinin, Xocalı soyqırımının 30 illiyi ilə bağlı geniş bir tədbir keçirdik. Bununla yanaşı Sankt-Peterburqda yaşayan müxtəlif xalqların nümayəndələrinin təşkil etdikləri festivallara, mədəni-kütləvi tədbirlərə dəvət zamanı da həmin tədbirlərdə Azərbaycan mədəniyyətini, tarixini, milli mətbəximizi yaxından tanıdırıq.
-Bildiyimiz kimi Rusiyada da erməni diasporu, lobbisi müəyyən mənada aktivdir. Bu mənada Sizin keçirdiyiniz tədbirlərə mane olmağa çalışılırmı, yaxud fəaliyyətinizə maneçilik törədilirmi?
-Xaricdə yaşayan azərbaycanlılar olaraq ayrı-ayrı ölkələrdəki erməni diasporu, yaxud bizə düşmən kəsilən digər qüvvələrin qarşısına öz diaspor fəaliyyətimizlə çıxır və hər hansı əngəlləri, maneçiliklərlə aradan qaldıra bilirik. Biz bunu çox mükəməlliklə bacarırıq. Məlumat üçün qeyd edim ki, təkcə Sankt-Peterburqda bir neçə diaspor təşkilatımız var. Şəhər Milli Mədəni Muxtariyyatı, Leninqrad Milli Mədəni Muxtariyyatı, Sankt-Peterburq Azərbaycan Cəmiyyəti, Naxçıvanın Dostları Cəmiyyəti, "Simurq" Gənclər Təşkilatı, "Çinar" Mədəni Mərkəzi və s. bu sıraya aid etmək olar. Bir daha qeyd edim ki, bütün bu təşkilatların müştərək və əlaqəli şəkildə işləməsi erməni diasporu və lobbisinin hər hansı əngəlləri, bizə yarada biləcəyi maneələrin qarşısını alır. Fikrimi konkretlışdirərək demək istəyirəm ki, erməni diasporu Sankt-Peterburqda bizim gücümüz, birliyimiz qarşımızda dayana bilməz.
-Siz həmçinin "Xan Qızı Natəvan" Dünya Azərbaycan Qadınlar İctimai Birliyinin sədrisiniz. Sözügedən təşkilat nə vaxt və hansı zərurətdən yarandı?
-"Xan Qızı Natəvan" Dünya Azərbaycan Qadınlar İctimai Birliyi Sankt-Peterburq Milli Mədəni Muxtariyyatının tərkibində yaradılıb. Bizim məqsədimiz odur ki, harada yaşamağımızdan asılı olmayaraq Azərbaycan üçün nəsə edə bilək, faydalı işlər görə bilək. Məqsədimiz millətimizə, xalqımıza, prezidentimizə dəstək olmaq, dövlətimizin yanında yer almaqdır. Həmçinin, azərbaycanlı xanımların dünyada tanıdılmasına nail olmaqdır.
-Bəs, dünyanın müxtəlif ölkələrində mövcud olan bu tipli təşkilat və qurumlarla əlaqələriniz, əməkdaşlığınız varmı?
-Əlbəttə var. Dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən oxşar qadın təşkilatları ilə əməkdaşlığımız var. Bundan başqa, Milli Mədəni Muxtariyyatının tərkibində Azərbaycan bölməsi üzrə rəhbər Afaq Şıxlı, Azərbaycandan Məhəbbət Dəmirçiyeva, Telli Pənahqızı, Yasəmən Möhübbətqızı, Rusiyada diaspora sədri Elza Səttarova, Kemerova vilayətindən Təranə xanım, hüquqşünas İlahə Həsənova, Amerikadan Fərqanə Qasımova, Qırğızıstan və Qazaxıstanda diaspor sədrləri xanımlarımız, eləcə də adlarını unutduğum bir sıra vətənpərvər dəyərli xanımlarımız var ki, onlarla əlaqəli şəkildə işləyirik.
-Qürbətdə yaşamaq necə bir hissdir və Vətən yadınıza düşdükdə nəylə özünüzə təsəlli tapırsınız?
-Qürbətdə yaşamaq Vətənsiz Vətən olmaq deməkdir. Bu çox böyük bir məsuliyyətdir. İctimai birlikdə təmsil olunan hər bir xanım Vətənsizliyimizi, qəribçiliyimizi Vətən üçün gördüyümüz işlərlə qarşılayır, bununla özümüzü sakitləşdiririk. Tariximizi, mədəniyyətimizi, mətbəximizi təbliğ etməklə Vətən qarşısında borcumuzu yerinə yetirməyə çalışırıq. Vətəni sevmək, onun vətəndaşı olmaq üçün Vətəndən ötrü daş olmaq gərəkdir ki, onun layiqli vətəndaşı olasan.
Süleyman İsmayılbəyli