Prezidentin xalqa müraciətindəki mühüm məqamlar

2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycan müntəzəm olaraq tarixi zəfərlərə, qələbələrə imza atır. Həm də öz gücü, qüvvəsi ilə, heç kimdən dəstək, kömək almadan. Müzəffər Ali Baş Komandan və Müzəffər Ordusu ilə. Bu günlərdə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri bunu bir daha sübuta yetirdi. Düzdür, Qarabağ problemi meydana gələn ilk günlərdən Azərbaycan savaş, müharibə, qan tökülməsinin tərəfdarı olmayıb. Məsələnin yalnız və yalnız sülh, danışıqlar yolu ilə həllinə tərəfdar olub. Bunun üçün 30 ilə yaxın vasitəçilərin oyununa dözüb, səbr edib. Səbr kasası daşana qədər. Son 3 ildə işğalçı Ermənistan və onun dəstək verdiyi Qarabağdakı separatşı rejim 2 dəfə səbr kasamızın daşmasına rəvac verdi. Birincisi, 2020-ci il, sentyabr ayının 27-də növbəti dəfə ərazilərimizə hücum etməklə, ikinci dəfə bu günlərdə polis əməkdaşları və mülki vətəndaşlarımıza qarşı terror aktı həyata keçirməklə.

Beləliklə, nə Ermənistan, nə beynəılxalq birlik, nə də İrəvan və bəzi xarici güclərin dəstək verdiyi separatçılar Azərbaycan tərəfinin xəbərdarlıqlarına məhəl qoymadı, üçtərəfli bəyanatın şərtlərinə əməl edib qeyri-qanuni hərbi birləşmələri ləğv etmədilər. Nəticə etibarilə yenidən Azərbaycan Ordusu tarixi addım atmağa, Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə məcbur oldu. Antiterror tədbirləri nəticəsində baş verənlər artıq bəllidir. İndi qarşıda daha vacib məsələlər dayanır. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ötən gün xalqa ünvanladığı müraciətdə də məhz həmin vacib məsələlərə diqqət çəkilirdi.

Dövlət başçısının müraciətində diqqət çəkən başlıca məqamlardan biri Azərbaycanın humanizm nümayiş etdirməsi ilə bağlı idi. Baxmayaraq ki, Qarabağda yerləşdirilmiş qeyri-qanuni hərbi birləşmələrin hər bir üzvü vətəndaşlarımıza qarşı terror cinayətlərində iştirak edib, buna rəğmən silahı yerə qoyub təslim olanların sərbəst şəkildə Ermənistana getməsinə imkan yaradıldı. Onlara qarşı heç bir cəza tədbiri görülmədi. Bunun özü ölkəmizin nə qədər humanist olduğunu göstərirdi.

Prezidentin məlum müraciəti zamanı diqqət çəkdiyi digər önəmli məsələ şəhidlərimizlə bağlı idi. Prezident İlham Əliyevin xalqa müraciətində vurğuladığı kimi onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda ediblər. Və bu gün onların öz adlarını tarixə qızıl hərflərlə yazdırdığı olduqca şərəfli bir gündür.

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov prezidentin məlum müraciətindən danışarkən qeyd edib ki, dövlət başçısı həmçinin bu əməliyyat zamanı hərbçilərimizin nümayiş etdirdikləri yüksək peşəkarlıq və üstün mənəvi keyfiyyətləri də xalqa müraciətində xüsusi olaraq qeyd etdi:

"O, bildirdi ki, bir günlük lokal antiterror əməliyyatında iştirak edən hər bir Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərib. Antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılıb, tarixi hədəfə nail olunub. Erməni separatçılarının bu qədər sürətli və çevik bir əməliyyat sayəsində dizə gətirilməsi dünya hərb tarixi üçün də, separatçılıq problem ilə üzləşən digər ölkələr üçün də həqiqətən də misilsiz bir örnəkdir".

Komitə sədri deyib ki, Cənab Prezident xalqa müraciəti zamanı müjdə verdi:

"Qarabağdan separatçıların silahlarını təhvil verib çıxmağa başladıqlarını bildirdi. Onlar heç vaxt unutmamalıdırlar ki, "dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq! Bundan sonra heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz!".

Əlisahib Hüseynov deyib ki, bundan sonra Qarabağın mülki sakinlərinin reinteqrasiya prosesi başlanacaq və bu da məhz Azərbaycanın diqtəsi altında baş tutacaq:

"İnşAllah ən qısa zamanda bayrağımız Xankəndidə, Xocalıda, Əsgəranda və Xocavənddə dalğalanacaq. Qarabağın hər bir məntəqəsində Azərbaycanın konstitusiya quruluşu bərpa olunacaq. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ərazilərimizdə, o cümlədən Qarabağda dövlət suverenliyimiz tam şəkildə təmin olunacaq. "Bəs Xankəndi, Xocalı, Əsgəran, Xocavənd niyə bizdə deyil" deyənlər, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbəmizə kölgə salan bədxahlar indi əmin ola bilərlər ki, artıq bu şəhər və rayonlarımızda da çox tezliklə bizim yurisdiksiyamız bərqərar olacaq, orada dövlət qurumlarımız fəaliyyət göstərməyə başlayacaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31