Qarabağdakı hərbi xunta rejiminə son qoyuldu
22 Sentyabr 2023 11:28 SiyasətAzərbaycanın suverenliyi və ərazi bütövlüyü hər bir ölkənin suverenliyi və ərazi bütövlüyü qədər vacibdir
Azərbaycan 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb və regionda keyfiyyətcə tamamilə yeni situasiya yaradıb. Azərbaycan Ermənistanın öz havadarlarının bilavasitə iştirakı və dəstəyi ilə işğal etdiyi, 30 il ərzində viran qoyduğu, hər qarışını minalanmış döyüş meydanına çevirdiyi əraziləri işğaldan azad edərək tikinti meydanına, sülh və əməkdaşlıq arenasına çevirir. Ölkəmizin Vətən müharibəsindəki qələbəsini genişləndirmək və əbədiləşdirməkdən ötrü öz doğma torpaqlarından köçkün düşən insanların ata-baba torpaqlarına qayıdışı prosesi başlayıb. İşğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi, bu regionun ölkəmizin ən abad guşələrindən birinə çevrilməsi, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün çoxşaxəli quruculuq işləri gündən-günə genişlənir. Millət vəkili Əli Məsimli bildirib ki, 44 günlük Vətən müharibədən sonra Azərbaycan Ermənistana iki ölkə tərəfindən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında hər iki tərəfin legitim maraqlarına bərabər və qarşılıqlı hörmətə əsaslanan sülh təklif edib. Bununla yanaşı Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında və Azərbaycanın iştirak etdiyi bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya siyasəti aparır: "Sözügedən məsələlərin uğurlu həlli Azərbaycan və Ermənistanla yanaşı, həm də bütövlükdə yaşadığımız regionda dayanıqlı sülh və tərəqqiyə əsaslanan gələcəyin təməl daşı sayıla bilən çox böyük tarixi nailiyyət olar. Lakin Ermənistan sözdə sülh tərəfdarı kimi çıxış etsə də, əməldə Azərbaycanın 44 günlük müharibədəki qələbəsini, regionda yaratdığı yeni situasiyanı və ölkəmizin regiondakı yeni rolunu həzm edə bilməyən,Cənubi Qafqazda sabitlik olmasını istməyən qüvvələrin dəstəyi və təhriki ilə müxtəlif imitasiya, manipulyasiya və manevrlərlə həmin sülh sazişinin imzalanmasından yayınmaqda davam edir.Təcrübə göstərir ki, hər dəfə sülh sazişi əlçatan olan kimi Ermənistan tərəfi son 30 ildə istifadə etdiyi taktikasını işə salır: danışıq görüntüsü yaradır, amma son anda əvvəlki öhdəliklərdən yayınmaq və konkret qərarlar qəbul etməkdən boyun qaçırmaq üçün danışıqların hər mərhələsində siyasi, hərbi və digər xarakterli təxribatlar törədir, hətta terrora belə əl atılır. Sentyabrın 9-da keçirilən qondarma "seçkilər"in ardınca sentyabrın 19-da törədilən terror hadisəsi buna əyani misaldır. Buna cavab olaraq Azərbaycan antiterror tədbirlərinə başladı və çox qısa zaman kəsiyində uğurla başa çatdırdı. Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinin məqsəd və mahiyyətini beynəlxalq ictimayyətə çatdırmaq məqsədi ilə sentyabrın 20-də Milli Məclisin sədri, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ regionunda Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirilən antiterror tədbirləri barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, Azərbaycanın sülhməramlı səylərinə baxmayaraq, Ermənistan bütün vasitələrdən istifadə edərək, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub saxlamaq cəhdlərini davam etdir: delimitasiya olunmamış sərhəddə və Qarabağ regionunda hərbi təxribatlar, Azərbaycan ərazilərində qeyri-qanuni yerləşdirilmiş 10 min hərbi qüvvəyə maliyyə, hərbi, texniki yardımlar, ərazilərimizin minalanması, Azərbaycanın və xarici ölkələrin mülki təyyarələrinə qarşı radio-elektron müdaxilə halları, "blokada", "humanitar böhran" kimi əsassız iddialar və siyasi şantaj, qeyri-qanuni rejimə təbrik mesajları, qondarma separatçı rejimin "prezident seçkiləri" Ermənistan tərəfindən normallaşma prosesini pozmağa yönəlmiş təxribatçı addımlardan bəziləridir.Azərbaycan dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin öz mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Buna müsal olaraq sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları və terror hücumları nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olub və yaralanıblar. Bütün bunlara cavab olaraq, Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək, ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədinə anti-terror tədbirləri həyat keçirməli oldu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü hər bir ölkənin suverenliyi və ərazi bütövlüyü qədər vacibdir və Azərbaycan beynəlxalq hüquqda əks olunmuş bütün vasitələrlə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir və sözügedən antiterror əməliyyatlarnda bu hüququndan istifadə etdi. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub təslim oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu: Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir".
Millət vəkili qeyd edib ki, nəhayət bununla Qarabağdakı insanlıq əleyhinə cinayətlərdə əli olan hərbi xuntaya, terrorçu rejimə son qoyulur: "Eyni zamanda erməni riyakarlığı amilini də nəzərə almaqla bu tələblərin sürətlə və tam şəkildə yerinə yetirilməsini təmin etməkdən ötrü konkret vaxtlar müəyyənləşdirilməli və razılaşmada nəzərdə tutulanların işlək reallaşdırma mexanizmi tətbiq edilməlidir. Erməni terrorçuları tam zərərsizləşdirilməli və Xankəndində, Xocalıda, Ağdərədə və digər ərazilərimizdə qanunlarımız bərqərar olmalı, Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa edilməli, həmin ərazilər üzərində suverenliymiz tam təmin edilməlidir. Dünya bilir və bilmək istəməyənlər də bilməlidir ki, Azərbaycan bu savaşda haqlıdır".
Alim